Xəzərdəki bəzi neft-qaz çıxarma müəssisələrində ekoloji pozuntulara rast gəlinib

Xəzərdəki bəzi neft-qaz çıxarma müəssisələrində ekoloji pozuntulara rast gəlinib
# 29 aprel 2016 09:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. ““Azneft” İstehsalat Birliyinin Əmirov adına Neft-Qazçıxarma İdarəsinin mədənlərində təmir işləri zamanı quyuların yuyulması prosesində heç bir qapalı sistemdən istifadə olunmur. Hər hansı quyuda təmir işlərinin aparılması zamanı quyu ətrafında torpaqda qazılmış süni anbarlardan istifadə edilir. Qazılmış süni anbarların primitiv olması nəticəsində neftlə çirklənmiş gölməçələrin yaranması və ətrafdakı təmiz torpaqların çirklənməsi baş verir. Belə ki, istifadədən sonra primitiv anbarların heç bir təmizləmə işləri aparılmadan adi qaydada torpaqlanması yağıntılar zamanı relyefin yenidən çirklənməsinə səbəb olur”.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib.

“Bundan başqa, mədən ərazilərində əksər quyu başlıqlarından neftin və qazın sızması da müşahidə olunub. Belə pozuntu halı öz növbəsində havanın və quyu ətrafının neftlə çirklənməsinə gətirib çıxarır. Bundan başqa, yağıntılı hava şəraitində qeyd edilən bu sahələr yuyularaq, Qırmızı göl vasitəsilə Xəzər dənizinin çirklənməsinə də səbəb olur. NQÇİ-nin illərlə çirklənməyə məruz qalan 1 saylı neftyığma məntəqəsində qabaqlayıcı tədbirlər görülməyib. Sözügedən neftyığma məntəqəsi Qırmızı gölün yaxınlığında yerləşdiyindən belə qənaətə gəlmək olar ki, sızmalar nəticəsində gölün ekosisteminə mənfi təsirlər ola bilər. Qaradağ rayonunun Lökbatan qəsəbəsinin tullantı sularının bir hissəsini nəql edən kanal da sözügedən NQÇİ-nin mədən ərazilərindən keçir. Əmirov adına NQÇİ-də keçirilən monitorinq zamanı o da məlum olub ki, mədən ərazilərində formalaşan neftli şlamlar da idarə olunmur” – deyə bülletendə qeyd edilib.

Bülletendə deyilir ki, “Abşeronneft” NQÇİ-də formalaşan neftli şlamlar təhvil verilmədiyindən, I mədən ərazisində yığılır. Müəssisə ərazilərində keçirilən monitorinq zamanı ciddi ekoloji pozuntulara rast gəlinib. I mədən (461 saylı quyuda), III mədən (1100 və 1120 saylı meydança), IV mədən ərazisində (120 saylı meydançada) və 740 saylı meydançada təmir işləri zamanı formalaşan neftli sular düzgün idarə olunmaması və döşəməaltı çənlərin olmaması səbəbindən birbaşa Xəzər dənizinə axıdılır. Belə hal dənizin neftlə çirklənməsinə səbəb olur. “Abşeronneft” NQÇİ-nin quru və dənizdəki mədənlərində olan bəzi quyularda quyu başlıqlarından neftin və qazın sızması müşahidə edilib. Müəssisənin dənizdəki bütün mədənlərində formalaşan bərk məişət və digər tullantıların daşınması bildirilsə də, bu barədə sənəd təqdim olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR