Ekvadorda zəlzələ dağıntılarının altından 72 yaşlı kişi 13 gün sonra sağ tapılıb

Ekvadorda zəlzələ dağıntılarının altından 72 yaşlı kişi 13 gün sonra sağ tapılıb
# 01 may 2016 00:51 (UTC +04:00)

Bakı-APA. Aprelin 16-da güclü zəlzələnin baş verdiyi Ekvadorda Venesuela xilasediciləri 13 gün dağıntılar altında qalan şəxsi sağ olaraq xilas ediblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın Ekvadordakı səfirliyinin açıqlamasında bildirilir.

“Aprelin 29-da axşam saatlarında Venesuela xilasediciləri Xaramixo şəhərində axtarış işləri həyata keçirərkən uçmuş binanın qalıqları altından səs eşidiblər. Xilasedicilər uçqun altından 72 yaşlı Manuel Vaskesi aşkarlayaraq xilas ediblər”, - deyə məlumatda bildirilir.

Xilas olunan şəxsdə xroniki böyrək çatışmazlığı, həddindən artıq susuzlaşma və arıqlama qeydə alınıb. Bundan başqa o sol ayağının bir neçə barmağını itirib.

Xatırladaq ki, 7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb. Zəlzələ nəticəsində ölənlərin sayı 660-a çatıb, 48 nəfər itkin düşmüş hesab edilir, 17 mindən çox sakin xəsarət alıb. Zəlzələ nəticəsində 1500 binaya ziyan dəyib, 18 min nəfər evsiz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR