Azərbaycanda orta məktəblərdə məktəbəhazırlıq qrupların təşkili qaydası müəyyənləşib

Azərbaycanda orta məktəblərdə məktəbəhazırlıq qrupların təşkili qaydası müəyyənləşib
# 15 iyul 2016 23:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə edilən dəyişiklik ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılması qaydası ilə bağlıdır.

Beləliklə, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul ediləcəklər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 15 uşaq olacaq. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılacaq.

Məktəbəhazırlıq qruplarına qəbul üçün məktəbin direktorunun adına ərizə, uşağın mübadilə vərəqəsi, uşağın doğum haqqında şəhadətnaməsinin surəti və uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli tələb olunacaq. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayacaq və mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünəcək. I yarım il 1 oktyabr - 26 yanvar, II yarım il 1 fevral - 31 may tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və 5 gün əlavə tətil (1-5 may) müəyyən olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR