DGK rəhbərliyinin Xəzər-Avropa Klubunun üzvü olan şirkətlərin nümayəndələri ilə görüşü keçirilib

DGK rəhbərliyinin Xəzər-Avropa Klubunun üzvü olan şirkətlərin nümayəndələri ilə görüşü keçirilib
# 21 sentyabr 2016 18:03 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 21-də “Holiday İnn Baku” otelində Xəzər-Avropa Klubunun təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsi rəhbərliyi və Klubun üzvü olan şirkətlərin nümayəndələri arasında görüş keçirilib.

DGK Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Komitə sədrinin birinci müavini Səfər Mehdiyev, sədrin müavinləri Əsgər Abdullayev, Şahin Bağırov və Komitənin aidiyyəti idarələrinin rəhbərləri, eləcə də bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin məsul şəxsləri iştirak ediblər.

Görüşdə giriş sözü ilə çıxış edən Xəzər-Avropa Klubunun baş icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurum haqqında məlumat verərək bildirib ki, klubun əsas məqsədi dövlət və hökumət qurumları ilə biznes nümayəndələri arasında əlaqələri gücləndirmək, sahibkarlığın inkişafına, ölkədə biznes mühitinin yaxşılaşdırlmasına dəstək verməkdir. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə qurulan əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Telman Əliyev son dövrlərdə Azərbaycan gömrüyündə həyata keçirilən islahatlardan, tətbiq olunan yeniliklərdən, sahibkarlarla gömrük orqanları arasındakı münasibətlərdən məmnunluqla bəhs edib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sahibkarlar ilə dövlət orqanları arasındakı görüşlərin, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin ölkədə biznes mühitinin yaxşılaşdırılması, iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezident İlham Əliyevin gömrük orqanları qarşısında da mühüm vəzifələr qoyduğunu qeyd edən Komitə sədri bu vəzifələrin icrası istiqamətində görülən işlər, gömrük orqanlarında həyata keçirilən innovasiya lahiyələri, daxili istehsalın qorunması, ticarətin sürətləndirilməsi və stimullaşdırılması, şəffaflığın təmin olunması ilə bağlı görülən tədbirlər barədə məlumat verdi.

Aydın Əliyev vurğulayıb ki, Azərbaycan Gömrük Xidməti ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində bütün imkanlarını bundan sonra da səfərbər edəcək, dövlətimizin çiçəklənməsi, əhalinin rifah halının yüksəldilməsi üçün əzmlə çalışacaq. Tədbirdə Dövlət Gömrük Komitəsi Analitik şöbəsinin rəisi Vuqar Əliyev son dövrlərdə gömrük sahəsində həyata keçirilən yeniliklərə dair təqdimatla çıxış edib. Daha sonra Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xəzər-Avropa Klubunun üzvü olan şirkətlərin nümayəndələrini maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını ətraflı cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR