"Azercell" 500 mindən artıq kitaba çıxışı olan mobil kitabxana təqdim edib

"Azercell" 500 mindən artıq kitaba çıxışı olan mobil kitabxana təqdim edib
# 01 aprel 2016 14:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ölkəmizin mobil rabitə bazarının lideri “Azercell” Telekom MMC-nin ötən ilin noyabr ayında mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsi abunəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, istifadəyə verildiyi gündən indiyə qədər “Bookmate” əlavəsinin yüklənmə sayı 27 mindən çox, xidmətdən mütəmadi olaraq faydalanan istifadəçilərin sayı isə 6 min nəfəri keçib.

Məlumat üçün bildirək ki, “Bookmate” - minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. “Azercell”in təqdim etdiyi mobil kitabxanada 500 mindən artıq kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində “Azercell” abunəçiləri klassik, müasir və elmi-bədii, biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər.

Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin ən mühüm üstünlüklərindən biri - “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın – telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

“Bookmate” daxilində abunəçilərə ilk dəfə olaraq Azərbaycan, eləcə də, rus, ingilis və türk dillərindəki kitablar təqdim edilir. Yarım milyonluq kitabxanada ən çox satılan, ən çox oxunan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür.

Qeyd edək ki, “Bookmate” “Android”, “iOS” əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər.

Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR