Bakıda saxta dollar satmaq istəyən Belçika vətəndaşlarının şikayəti əsasında məhkəmə başlayıb

Bakıda saxta dollar satmaq istəyən Belçika vətəndaşlarının şikayəti əsasında məhkəmə başlayıb
# 30 yanvar 2016 08:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Belçika vətəndaşları Maput Louis Martial və Hongla Samuelin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, ötən il aprelin 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Kamerunda anadan olmuş Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5000 dollara satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta dollar, bir ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.

İstintaq zamanı onların Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq, saxta dollar hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR