Bahar Muradova ATƏT PA-nın prezidenti və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə müraciət edib

Bahar Muradova ATƏT PA-nın prezidenti və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə müraciət edib
# 05 aprel 2016 16:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin sədr müavini, parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova son günlər erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində və cəbhə xəttində baş vermiş hadisələrlə əlaqədar ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninə məktubla müraciət edib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, təşkilatın prezidentinə ünvanlanmış məktubda bildirilir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT Parlament Assambleyasının qətiyyətli mövqeyinin bildirilməsinə bu gün böyük ehtiyac duyulur. Qeyd olunub ki, Azərbaycan xalqı illərlə erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinin qurbanına çevrilib: “Erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu vəziyyətin gərginləşməsinə, regionda sülh və sabitliyə ciddi təhlükə yaratmaqda davam edir. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələri təxribat törədərək atəşkəs rejimini kobud şəkildə pozub, Azərbaycan mövqelərinə, yaşayış məntəqələrinə ağır texnikalardan və artilleriyadan istifadə edərək hücuma keçib, dinc sakinlərimizi hədəfə alıb. Bu təxribat nəticəsində onlarla dinc sakin yaralanıb və həlak olub, xeyli sayda ictimai bina, şəxsi evlər dağıdılıb, böyük maddi ziyan vurulub. Aprelin 3-də beynəlxalq qurumların müraciətlərini nəzərə alaraq Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Bununla biz münaqişənin danışıqlar yolu ilə həllinə sadiqliyimizi bir daha nümayiş etdirmişik. Amma Ermənistan silahlı qüvvələri cəbhə xəttində yeni-yeni təxribatlara əl atmaqda davam edir və bu hərəkəti ilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarına ciddi zərbə vurur".

Müraciətdə daha sonra qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu birmənalı şəkildə təsbit edilib və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilib: "Status-kvonun saxlanılmasının qəbuledilməzliyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən də dəfələrlə qeyd olunub, lakin Ermənistan bu çağırışa məhəl qoymayıb. Ümumiyyətlə, Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin indiyə kimi irəli sürdüyü bütün təşəbbüsləri rədd edib. Bu hal bir daha sübut edir ki, rəsmi Yerevan hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil".

Bahar Muradovanın ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə ünvanlanmış digər məktubunda ondan məlum hadisələrlə əlaqədar təkcə narahatlıq bildirmək və qısa çağırışlar etməklə kifayətlənməmək tövsiyə olunur. Diqqətə çatdırılır ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin gələcəkdə səlahiyyət çərçivəsinə daxil olan məsələlərlə bağlı bir qədər daha ətraflı pres-relizləri və müntəzəm hesabatları BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, ATƏT, AŞPA və s. nüfuzlu beynəlxalq təşkilatların sənədlərində təsbit edilmiş məsələlərin yerinə yetirilməsinə öz töhfəsini vermiş olar.

B. Muradovanın ATƏT PA-nın hər iki rəsmi şəxsinə ünvanlanmış məktubunun sonunda deyilir: “Sizdən xahiş edirik ki, bütün imkanlarınızdan istifadə edərək Ermənistan tərəfinə təzyiq edəsiniz və Ermənistandan cəbhə xəttində yaratdığı gərginliyi aradan qaldırmağı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və Helsinki Yekun Aktının norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının qeyri-qanuni işğalını dayandırmağı, bütün işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını qeyd-şərtsiz çıxartmağı, 1 milyondan çox azərbaycanlının öz evlərinə ləyaqətlə qayıtmalarına şərait yaratmağı tələb edəsiniz.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR