Bakıda "Qələbəyə əzmlə - ədalətli sülhə inamla" mövzusunda tədbir keçirilib

Bakıda "Qələbəyə əzmlə - ədalətli sülhə inamla" mövzusunda tədbir keçirilib
# 06 aprel 2016 16:06 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı "Qələbəyə əzmlə - ədalətli sülhə inamla" mövzusunda tədbir keçirib.

APA-nın xəbərinə görə, təşkilatının sədri Vüqar Qədirov Ermənistanın təmas xətti boyunca atəşkəsi yenidən pozmasını, dinc əhalinin yaşadığı kənd və qəsəbələri ağır silahlardan-artilleriyadan atəşə tutmasını cəzasızlıqdan azğınlaşmış terrorçu bir rejimin növbəti təcavüz aktını həyata keçirmək cəhdi olduğunu bildirib: “Azərbaycan Ordusunun bir həmləsiylə darmadağın olan terrorçu birləşmələrin canlı qüvvə və texnika baxımından böyük itkilər verməsi, ordumuzun işğal altındakı strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsi düşmən qüvvələrin təşvişə düşməsinə, silahlarını ataraq arxa səngərləri də boşaldıb qaçmasına gətirib çıxardı”.

Tədbirdə çıxış edən digər natiqlər - Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Müşaviri Hamid Karadeniz, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əməkdaşlıq Təşkilatının sədri Nazim Əhmədli, Gürcüstan Azərbaycanlıları Konqresinin Prezidenti Əli Babayev, İqtisad Universitetinin müəllimi Xankişi Xankişiyev, Qarabağ qazisi Habil Şirinov, Laçın rayon icra Hakimiyyətinin əməkdaşı Niftalı Manafov, Azadlıq Hərəkatçıları ictimai birliyinin sədri Təhmasib Novruzov və başqaları Ermənistan hakimiyyətinin təcavüzkar siyasətinin öz xalqına baha başa gəldiyini, erməni əhalisinin bu cinayətkar rejimdən canını qurtarmağa çalışdıqlarını deyiblər.

Çıxışçılar bildiriblər ki, Türkiyə, Pakistan, Türkmənistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Belarus rəsmilərinin Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsi, bir çox beynəlxalq təşkilatın Ermənistanın gözlədiyi mövqeyi sərgiləməməsi bu separatçı forpostun rəhbərliyini şok vəziyyətinə salıb.

Tədbirin sonunda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və bir çox beynəlxalq təşkilata müraciət qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR