Azərbaycanda əcnəbilər üçün əmək miqrasiyası kvotası yeni qaydada müəyyən ediləcək

Azərbaycanda əcnəbilər üçün əmək miqrasiyası kvotası yeni qaydada müəyyən ediləcək
# 03 aprel 2016 00:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bununla əlaqədar “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli qərarı ləğv edilib.

Bu Qayda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı əmək miqrasiyası kvotasının formalaşdırılması şərtlərini və qaydasını müəyyən edir. Əmək miqrasiyası kvotası təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının, işə-götürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. Kvota Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 3 ay qalmış təsdiq edilir. Əcnəbilərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrininverilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir. Miqrasiya Məcəlləsi ilə iş icazəsi alınması tələb olunmayan əcnəbilər kvotadan kənar Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb oluna bilərlər. Kvotanın müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə Nazirlər Kabineti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət komissiya yaradılır.

Komissiyanın səlahiyyətinə adiyyəti dövlət orqanlarından bu Qayda iləmüəyyən edilmiş məlumatları almaq, təqdim edilmiş məlumatların dəqiqləşdirilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına sorğu vermək, sosial tərəfdaşların (Həmkarlar İttifaqları Konfedera-siyasının və işəgötürən birliklərin) nümayəndələrini, elmi - tədqiqat institutlarının, aidiyyəti dövlət orqanlarının mütəxəssislərini və digər ekspertləri Komissiyanın iclaslarına dəvət etmək və kvota ilə bağlı təkliflər hazırlamaq aiddir. İşəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə əcnəbi işçi qüvvəsini cəlb etmək niyyətində olan işəgötürənlər hər il may ayının 1-dək Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim edirlər. Bu Qayda ilə müəyyən olunmuş əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat forması Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilir və onlayn rejimdə qəbul edilir. İşəgötürənlər il ərzində təsdiq edilmiş kvotanın artırılması üçün Dövlət Miqrasiya Xidməti vasitəsilə Komissiyaya müraciət edə bilərlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti il üçün əmək bazarı və demoqrafik inkişaf proqnozlarını, mövcud əmək ehtiyatları potensialı, həmçinin işsizlər və sərbəstləşən işçilər üzrə proqnozları, işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsi, eləcə də əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr üzrə işsizlərin və sərbəstləşən işçilərin peşə hazırlığına və yenidənhazırlığa cəlb olunması imkanlarına dair proqnoz-məlumatı, dövlət məşğulluq orqanlarında işsiz və ya işaxtaran kimi qeydiyyatda olan şəxslərin müvafiq peşələri barədə məlumatı hər il avqust ayının 1-dək Komissiyaya təqdim edir.

İqtisadiyyat Nazirliyi ölkənin iqtisadi inkişaf prioritetləri üzrə məlumatı, növbəti il üçün ölkənin makroiqtisadi vəziyyəti, o cümlədən sosial-iqtisadi artım, məşğulluq və onun iqtisadi fəaliyyət növləri üzrə bölgüsü haqqında proqnozları hər il avqust ayının 1-dək Komissiyaya təqdim edir. Təhsil Nazirliyi hər il avqust ayının 1-dək növbəti il üçün peşə və ixtisaslar üzrə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsillərini başa çatdıracaq Azərbaycan vətəndaşlarının sayı barədə məlumatı Komissiyaya təqdim edir. Dövlət Miqrasiya Xidməti hər il avqust ayının 1-dək cari və ötən il ərzində ölkəyə gələn, ölkədən gedən, ölkədə müvəqqəti olan və müvəqqəti yaşayan əcnəbilərin sayı haqqında məlumatı, cari və ötən il ərzində ölkədə qeyri-leqal haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması aşkar edilmiş əcnəbilər haqqında iqtisadi fəaliyyət növləri üzrə məlumatı, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları, iş icazələrinin müddətinin uzadılması tendensiyası əsasında il ərzində müddətlərinin uzadılması gözlənilən iş icazələrinin sayı üzrə proqnozları (iqtisadi fəaliyyət növləri üzrə), cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair məlumatı, işəgötürənlərin növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş proqnoz-məlumatı Komissiyaya təqdim edir. Dövlət Neft Şirkəti aşağıdakıları hər il avqust ayının 1-dək Hasilatın Pay Bölgüsü sazişlərinin icrası ilə bağlı növbəti il üçün podratçı və subpodratçı şirkətlər də daxil olmaqla, əcnəbi işçi qüvvəsinə peşə və ixtisaslar üzrə tələbat haqqında proqnoz-məlumatları, Hasilatın Pay Bölgüsü sazişləri ilə müəyyən edilmiş yerli və əcnəbi işçi qüvvəsi nisbətinə əməl olunması vəziyyətinə dair məlumatı Komissiyaya təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il avqust ayının 15-dək Komissiyaya təqdim olunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinə təqdim edir. Komissiya bu Qaydaya uyğun olaraq əcnəbi işçi qüvvəsinə tələbatı proqnozlaşdırır və iqtisadi fəaliyyət növləri üzrə növbəti il üçün kvota ilə bağlı təkliflər hazırlayaraq hər il sentyabr ayının 15-dək Nazirlər Kabinetinə təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR