Ölkədəki sürüşmə sahələrində vəziyyət açıqlanıb

Ölkədəki sürüşmə sahələrində vəziyyət açıqlanıb
# 01 iyun 2016 14:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Respublika ərazisində mühüm sürüşmə zonalarında may ayına olan vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya deyib ki, Bakının Səbail, Xətai, Suraxanı və Yasamal rayonları ərazisində olan sürüşmə sahələrində aktivlik qeydə alınmayıb.

O bildirib ki, Abşeron rayonunun Masazır sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən mövcud çatların üzərində 2,5-3,2 sm enində genişlənmə müşahidə olunub.

Baş geoloq əlavə edib ki, Astara rayonu ərazisində Deqədi-Pəlikəş avtomobil yolunun 5-7-8-10-cu kilometrliklərində sürüşmə sahələrində ay ərzində atmosfer yağıntılarının normadan artıq düşməsi səbəbindən aktivləşmə qeydə alınıb: “Bundan başqa, Lerik-Veri-Əliabad sürüşmə sahəsinin kütləsi üzərində mövcud çatlarda aktivlik qeydə alınıb. Eyni zamanda, Lənkəran-Lerik yolunun 27-29-cu, 45-47-ci kilometrliklərində uçqun-sürüşmə prosesi baş verib. Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində aktivlik qeydə alınıb, uçqun-töküntü hadisəsi baş verib”.

Ə. Piriyevin sözlərinə görə, Cəlilabad, Göygöl, Qobustan və Gədəbəy rayonlarındakı sürüşmə sahələrində sabitlik müşahidə olunub: “Quba-Qonaqkənd yolunun 37-40-cı, Quba-Xınalıq yolunun 37-46-cı kilometrliyində quraşdırılmış topoqrafik reperlərin üzərində nisbi hərəkət müşahidə edilib, yamacda uçqun hadisəsi baş verib. Qusar-Sudur yolunun 37-ci kilometrliyində sürüşmə sahəsindəki müşahidə reperlərində dəyişiklik qeydə alınıb, atmosfer çöküntülərinin təsirindən mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb”.

Baş geoloq qeyd edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsində də aktivlik baş verib: “Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyindəki sürüşmə sahəsində proses aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb. Eyni zamanda, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində çatlarda genişlənmə qeydə alınıb. İsmayıllı rayonunda Xankəndi sürüşmə sahəsində ay ərzində aktivləşmə müşahidə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR