Prokuror dələduzluqda təqsirləndirilən şirkət əməkdaşlarına cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən şirkət əməkdaşlarına cəza istəyib
# 18 noyabr 2016 14:37 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Questnet LTD" şirkətinin əməkdaşları Elnarə Həsənova və Xatirə Xalıqovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

O, E. Həsənova və X. Xalıqovanın məhkəmə zalında həbs edilərək, hər birinin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 21-də davam etdiriləcək.

İttihama görə, "Questnet LTD" şirkəti 2011-ci ilin yanvar ayından etibarən fəaliyyətini dayandırsa da, Elnarə Həsənova, Xatirə Xalıqova və digərləri 2011-ci ildən 2014-cü ilədək Bakının Nizami, Yasamal, Nəsimi və Nərimanov rayonlarında ofislər yaradıb, "Quest Net LTD" şirkətinin məhsullarını elektron ticarət adı ilə dəyərindən artıq qiymətə sataraq, məhsulların elektron satışı adı ilə çoxsaylı insanlara işə qəbul edəcəkləri vədini verib, onların əmlakını ələ keçirməklə dələduzluq ediblər.

E.Həsənova və X.Xalıqova 2014-cü ilin iyun ayında saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub.

Xətai rayon Məhkəməsi X.Xalıqova barəsində polis nəzarətinə vermə, E.Həsənova barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçib.

Qeyd edək ki, sözügedən cinayət işi üzrə təqsirləndirilən Ceyhun İbrahimov, Rasim Qəhrəmanov, Müşfiq Kazımov, Elşad Muradov və Emin Məmmədov barəsində olan cinayət işi ayrıca icraata verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR