Bu ilin I rübündə “Azexport.az” portalına 82 milyon dollarlıq ixrac sifarişləri daxil olub

Bu ilin I rübündə “Azexport.az” portalına 82 milyon dollarlıq ixrac sifarişləri daxil olub
# 11 aprel 2017 13:05 (UTC +04:00)

“Azexport.az” portalına 2017-ci ilin I rübü ərzində 32 ölkədən ixrac sifarişləri daxil olub.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2017-ci ilin I rübü üzrə “İxrac icmalı”nda qeyd olunub.

Məlumata əsasən, hesabat dövründə portala qonşu Rusiya, Türkiyə, İran və Qazaxıstan kimi ölkələrlə yanaşı, ABŞ-dan tutmuş Afrika dövlətləri Toqo və Benin kimi dünyanın müxtəlif ölkələrindən (Danimarka, Fransa, Latviya, Belarus, Moldova, Rumıniya, Tacikistan və s.) sifarişlər daxil olub.

“Azexport.az” portalına 2017-ci ilin yanvar ayında 48 mln. ABŞ dolları, fevral ayında 6,5 mln. ABŞ dolları, mart ayında isə 27 mln. ABŞ dollarına yaxın ixrac sifarişləri daxil olub.

“Sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, dünya bazarında qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullara - meyvə şirəsi, meyvə kompotu, mahlıc, pambıq yağı, tütün, kərə yağı, quru süd, şərab, konyak, boya, yumurta, toyuq əti, fındıq ləpəsi, qarabaşaq, tibbi tənzif, çay, mebel, uşaq bezi, düyü, noxud, makarona tələb var. Yanvar ayında ən yüksək məbləğdə sifarişlər mərciməyə və fındıq ləpəsinə, fevral ayında toyuq ətinə və almaya, mart ayında isə pambıq yağı, mahlıc, tütün, tibbi tənzif, noxud və digər məhsullara daxil olub.

Qeyd edək ki, “Azexport.az” portalı fəaliyyətə başlayandan sonra Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən “Alibaba.com”da mövqeyi güclənməkdədir. Ötən ilin noyabr ayından etibarən qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan mallarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır. 2016-cı ilin noyabr ayı ilə müqayisədə 2017-ci ilin mart ayında Azərbaycan mallarının “Alibaba.com”da təmsil olunma səviyyəsi 55 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR