Gürcüstan hakimiyyəti “xarici təsir” qanununda niyə israr edir? - TƏHLİL

Gürcüstan hakimiyyəti “xarici təsir” qanununda niyə israr edir? - TƏHLİL
# 30 aprel 2024 14:32 (UTC +04:00)

Artıq 2 həftədən çoxdur ki, Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar bu qanun layihəsinin Moskvanın göstərişi ilə hazırlandığını, iqtidar partiyasının ölkədə demokratik haqları məhdudlaşdırmağa çalışdığını, hakimiyyətin bütün qollarını öz əlində cəmləməyi hədəflədiyini bildirirlər. Lakin partiya xaricdən maliyyələşən təşkilatların birmənalı olaraq Gürcüstanın suverenliyinə təhdid olduğu, onların yekun hədəfin hakimiyyətə gəlmək və ölkənin milli maraqlarına zidd siyasət yürütmək olduğu qənaətindədir.

“Gürcü Arzusu” ötən gün 100 mindən çox tərəfdarını parlament binasının qarşısına toplayaraq QHT-lərlə bağlı qanun layihəsinin ötən ildən fərqli olaraq bu dəfə qəbul ediləcəyinə dair qətiyyətli mesaj verdi. Mitinqdə çıxış edən partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili xarici maliyyənin Gürcüstanda xeyriyyə işlərindən daha çox QHT-lərin özlərinin gücləndirilməsinə sərf edildiyini, bu yolla onların gələcəkdə hakimiyyətə gətirilməsinin, yeni inqilabın planlaşdırıldığını bildirdi:

“İctimaiyyət tez-tez soruşur ki, ölkə xaricindən QHT-lərin şəffaflığına qarşı bu qədər ehtiraslı mübarizənin səbəbi nədir. Bizim komandamızın nümayəndələri bu suala doğru istiqamətdə cavab verirlər, lakin onlar tam həqiqəti deməkdən bir qədər çəkinirlər. Tam həqiqət isə budur ki, QHT-lərin qeyri-şəffaf maliyyələşməsi Gürcüstan rəsmilərinin xaricdən təyin olunması üçün bir alətdir. Məqsəd Gürcüstanın seçilmiş rəsmilər tərəfindən deyil, “yarasalar” – xaricdən təyin edilmiş müasir Serqo Orconikidzelər və Qiqla Berbiçaşvililər tərəfindən idarə edilməsidir. Bunun baş verməsinin qarşısını almaq bizim özünü Gürcüstanın azadlığı ideyasına qurban vermiş gürcü ictimai xadimləri qarşısında borcumuzdur. QHT-lərin yardım kimi təqdim edilən maliyyələşməsi demək olar ki, xüsusi olaraq onların gücləndirilməsinə və hakimiyyətə gətirilməsinə sərf edilir. Bu vəsaitlərin yardımla heç bir əlaqəsi yoxdur, əksinə, onların yeganə məqsədi Gürcüstanı öz dövlət müstəqilliyindən məhrum etməkdir”, - İvanişvili deyib.

Bidzina İvanişvili “Gürcü Arzusu”nun 29 aprel mitinqində.

Mənbə: “Gürcü Arzusu”

Hakim partiya rəsmiləri qanun layihəsinin əsas məqsədinin QHT-lərin maliyyələşməsinə dair şəffaflığı təmin etmək, hansı təşkilatın haradan və nə qədər vəsait qəbul etməsini ictimaiyyətə göstərmək olduğunu bildirirlər. Bundan başqa, partiya xaricdən maliyyələşən QHT-lərin ölkədə milli dəyərlərə zidd ideyaları təbliğ etdiyini, bu ideyaların gürcü milli kimliyinin deqradasiyasını hədəflədiyini bəyan edirlər. Bu baxımdan partiya “xarici təsir” qanunu ilə yanaşı cinsi azlıqlarla bağlı daha bir qanun layihəsini də təqdim edib (ehtimal ki, partiya bu yolla həm də “xarici təsir” qanununun qəbulu prosesində mühafizəkar və dindar təbəqənin dəstəyini qazanmaq niyyətindədir). Hakim partiya Aİ üzvlüyünün və Qərbə inteqrasiyanın yalnız milli kimliyin və dəyərlərin mühafizəsi ilə paralel aparılacağını, lakin QHT sektorunun bu qeyd olunanların məhv edilməsinə çalışdığını bəyan edir.

“Bəzi nüfuzlu qüvvələr Avropa İttifaqını qeyri-suveren, zəif dövlətlərin, milli kimlik və dəyərlərdən məhrum dövlətlərin birliyi kimi təsəvvür edirlər, lakin reallıqda Aİ yalnız suveren dövlətlərin birliyi olarsa, güclü olacaq”, - Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünənki mitinqdə çıxışı zamanı deyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 29 aprel mitinqində

Mənbə: “Gürcü Arzusu”

Qanun layihəsinin qəbulu prosesi Gürcüstanın əsas tərəfdaşlarının hakim partiyaya təzyiqləri fonunda davam etdirilir. Aprelin 26-da ABŞ Senatının 14 senatorunun Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı açıq məktubunda təhdid dolu ifadələrə yer verildi. Məktubda qeyd olundu ki, qanun qəbul ediləcəyi təqdirdə Vaşinqton Gürcüstanla bağlı siyasətini nəzərdən keçirməli, Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməli olacaq.

“Bu qanun qəbul edilərsə, biz ABŞ-ın Gürcüstanla bağlı siyasətində dəyişikliyi təşviq etməyə məcbur olacağıq ki, bura Gürcüstanın demokratik inkişafının baltalanmasına görə məsuliyyət daşıyanlara və ya onun Avro-Atlantik trayektoriyasına mane olanlara qarşı sanksiyaların tətbiqi, ABŞ-ın birbaşa maliyyə yardımlarının bir daha nəzərdən keçirilməsi və ABŞ-a səyahətlə bağlı viza qadağalarının genişləndirilməsi də daxil ola bilər”, - Senatorların açıq məktubunda bildirilib.

Hələlik görünən budur ki, tərəflərdən heç biri geri addım atmaq niyyətində deyil. Prosesin necə yekunlaşacağı hakim partiyanın qətiyyətindən və təzyiqlərə qarşı nə qədər dözəcəyindən, həmçinin etiraz aksiyalarının miqyasından asılı olacaq. Layihə ilə bağlı etirazlar isə səngiməyib. Dünən hakim partiyanın mitinqinə paralel olaraq ölkənin müxtəlif bölgələrində, həmçinin paytaxt Tbilisidə nümayişlər keçirilib. Bu gün də vətəndaş cəmiyyəti təşkilatları parlament binası qarşısında növbəti genişmiqyaslı aksiya təyin ediblər. Parlamentdə isə qanun layihəsinin müzakirəsi isə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR