Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, N. Ağayevanın cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.
Prokuror N. Ağayevanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses yanvarın 11-də davam etdiriləcək.
İttihama görə, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib. Belə ki, N.Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında R.Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyini vəd edib.
Bundan başqa, N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.
N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir.
N.Ağayeva filologiya üzrə fəlsəfə doktorudur, əməkdar müəllim fəxri adına layiq görülüb.
O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.