“Azərsu” daha bir beynəlxalq təşkilata üzv olub

“Azərsu” daha bir beynəlxalq təşkilata üzv olub
# 26 noyabr 2015 10:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün “Azərsu” ASC-də Azərbaycanım Dünya Su Şurasının 7-ci Baş Assambleyasına üzv seçilməsi ilə bağlı tədbir keçirilib.

APA-Economics”in məlumatına görə, “Azərsu” ASC-nin Sukanal Elmi Tədqiqat İnstitutunun sədr müavini Adışirin Ələkbərov bildirib ki, bu ilin noyabrın 12-14-də Fransanın Marsel şəhərində Dünya Su Şurasının 7-ci Baş Assambleyası keçirilib.

Onun sözlərinə görə, ilk dəfə olaraq “Azərsu” Assambleyada iştirak üçün dəvət alıv və bu məqsədlə nümayəndə heyəti Fransada səfərdə olub: “Baş Assambleyada dünyada su siyasətinin əsas istiqamətləri, mövcud vəziyyət və perspektivlər, növbəti 3 il üzrə fəaliyyət strategiyası, iş planı, maliyyə məsələləri, Dünya Su Şurası Konstitusiyasına dəyişikliklər barədə müzakirələr aparılıb, Şuranın İdarə Heyətinə seçkilər keçirilib”.

O qeyd edib ki, Dünya Su Şurasının ali orqanı hər 3 ildən bir keçirilən Baş Assambleyadır: “Assambleyalararası dövrdə Şuraya 35 nəfərdən ibarət İdarə Heyəti rəhbərlik edir. İdarə Heyətinə seçkilərdə “Azərsu” ASC-nin namizədliyi “Hökumətlər və hökumət orqanları bölməsi” üzrə qeydə alınıb və bu barədə üzv ölkələrin nümayəndə heyətləri ətraflı məlumatlandırılıb. Bu bölmə üzrə keçirilmiş seçkilərdə ABŞ, Fransa, Braziliya, Türkiyə, Yaponiya, Koreya, Macarıstan və digər ölkələri təmsil edən dövlət və hökumət təşkilatlarının nümayəndələri də iştirak edib. Gizli səsvermə nəticəsində “Azərsu ”nun sədri Qorxmaz Hüseynov böyük səs çoxluğu ilə Dünya Su Şurası İdarə Heyətinə üzv seçilib”.

A. Ələkbərov bildirib ki, Azərbaycanda su təhlükəsizliyi strategiyası əsas götürülərək su sektorunda həyata keçirilən layihələr, su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi proqramlarının hazırlanması, su sektoru üzrə hüquqi bazanın yaradılması, ölkəmizin ətraf mühit üzrə bir sıra beynəlxalq konvensiyalara qoşulması, transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya etməsi mühüm nailiyyətlər kimi qiymətləndirilib və bütün bu amillər İdarə Heyətinə üzvlüyün dəstəklənməsində böyük rol oynayıb: “Dünya Su Şurasının təmsilçiləri, eləcə də digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda son illər su sektorunda həyata keçirilən layihələri yaxından izlədiklərini qeyd etmiş və bu istiqamətdə görülmüş işləri yüksək qiymətləndiriblər”.

O qeyd edib ki, Dünya Su Şurasına üzvlük və qurumun İdarə Heyətində təmsilçilik qlobal su problemlərinin, strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əhəmiyyətlidir: “Bu status dünyanın inkişaf etmiş ölkələrinin və qabaqcıl şirkətlərinin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir. “Azərsu” İdarə Heyətinə üzv olmaqla bir sıra problemlərin həllinin təmin edilməsinə səy göstərəcək. Sudan istifadənin su ehtiyatlarını üstələməsinə yol verilməməsi, istifadə edilmiş suyun dərin təmizləmə texnologiyaları ilə yararlı vəziyyətə gətirilməsi və təkrar istifadəsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınması, su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi, atmosfer yağıntılarının toplanaraq daha səmərəli istifadəsinin təmin edilməsi texnologiyalarının işlənməsi, daha mükəmməl sugötürücü qurğuların tətbiqi, suyun keyfiyyət standart və normalarının təkmilləşdirilməsi, “yuxarı axın” ölkələri və “aşağı axın” ölkələrinin qarşılıqlı maraqlarının təmin edilməsi qlobal miqyasda aktual problemlər hesab edilir”.

A. Ələkbərov bildirib ki, son illər bu sahədə böyük işlər görülür, keyfiyyətli və dayanıqlı su mənbələri hesabına şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur: “Yeni içməli su mənbələri aşkarlanır, müasir su emalı və sutəmizləyici qurğular inşa edilir, tullantı suları zərərsizləşdirilərək ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir”.

Qeyd edək ki, Dünya Su Şurası qlobal miqyasda su problemlərinin həlli məqsədi ilə 1996-cı ildə yaradılıb. Şura su ilə əlaqəli beynəlxalq təşkilatları, dövlət qurumları, elm mərkəzlərini, qeyri-hökumət təşkilatlarını birləşdirən çoxistiqmətli beynəlxalq platformadır. Dünya Su Şurası su ehtiyatlarının mühafizəsi, ədalətli və inteqrasiyalı idarə edilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, su ilə əlaqədar ərzaq təhlükəsizliyi, hidroenerji resursların dayanıqlığının təmin edilməsi, çoxşaxəli sanitariya problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərir. Mənzil qərargahı Fransanın Marsel şəhərində yerləşən qurumda 51 ölkədən və 24 beynəlxalq təşkilatdan 350 üzv təmsil olunur. 2013-cü ildən Dünya Su Şurasına üzv olan “Azərsu” ilə yanaşı, Meliorasiya və Su Təsərrüfatı ASC, su sektoru ilə əlaqədar bir sıra digər Azərbaycan təşkilatları da Şurada təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR