Nazir Şahin Mustafayev Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb

Nazir Şahin Mustafayev Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb
# 28 yanvar 2016 12:08 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 28-də Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar iştirak edib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayonda görülmüş işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Başçı bildirib ki, dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində Xaçmaz rayonunda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb.

Görüşdə çıxış edən Ş. Mustafayev qeyd edib ki, son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik, eləcə də mənfi xarici iqtisadi təsirlərin uzunmüddətli xarakter alması nəzərə alınaraq, milli iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir: "Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin etmək mümkün olmuşdur. Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının əsasını insan amili təşkil edən siyasətinə uyğun olaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmiş, bir sıra sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər, əmək pensiyasının baza hissəsi artırılmışdır.

Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir".

İstehlak bazarına xüsusi diqqət göstərildiyini vurğulayan nazir süni qiymət artımının qarşısının alınmasının zəruriliyini qeyd edib.

"Bu günlərdə keçirilən 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev qarşıdakı illərdə regionların inkişafı ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqların icrası ölkənin, eləcə də onun ayrı-ayrı regionlarının inkişafı üçün böyük imkanlar yaradır.

Xaçmaz rayonunda dövlətin dəstəyi ilə görülən işlər barədə danışan nazir Şahin Mustafayev bildirmişdir ki, rayonun 87 yaşayış məntəqəsi qazla təchiz olunmuş, 2 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir. Rayonun su təchizatı və kanalizasiya sistemi yaxşılaşdırılmış, su anbarları tikilmiş, kənd yollar çəkilmiş və ya yenidən qurulmuşdur. Hazırda Gəndab-Rusiya Federasiyası sərhədinədək avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsinin tikintisi davam etdirilir. Rayonda 44 məktəb, 2 uşaq bağçası, 11 səhiyyə və 12 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunmuş, şəhid ailələrinin və əlillərin mənzil şəraiti yaxşılaşdırılmışdır. Bir sıra sosial obyektlərin tikintisi hazırda da davam etdirilir. Rayonda 610-dan artıq yeni müəssisə və təşkilat yaradılmış, 14,7 mindən çoxu daimi olmaqla, 21,6 mindən artıq yeni iş yeri açılmışdır", - deyə nazir əlavə edib.

Nazir bildirib ki, indiyədək Xaçmaz rayonu üzrə 722 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilib: "Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 hektar ərazidə “Yalama Aqropark”ı yaradılmışdır. Hazırda aqroparkda 100 nəfər çalışır və icrası davam edən süd emalı zavodunun, müasir istixana kompleksinin və intensiv bağçılıq təsərrüfatının reallaşdırılması 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcəkdir. Bununla belə, Xaçmaz rayonunun potensialı daha böyükdür. Belə ki, rayonda süd emalı müəssisəsinin, istixana təsərrüfatlarının, intensiv taxılçılıq və bağçılıq təsərrüfatlarının, “yaşıl market”lərin və s. sahələrin yaradılması üçün real imkanlar vardır".

Görüşdə əkin sahələrinin suvarılması, emal güclərinin artırılması, güzəştli kreditlərin verilməsi, kənd yollarının tikintisi, sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrinin ayrılması, turizm obyektlərinin qış mövsümündə qazla təminatı, iri fermer və taxılçılıq təsərrüfatlarının yaradılması və s. məsələlər barədə müraciətlər, problemlər və təkliflər səsləndirilmişdir. Nazir bir sıra məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və reallaşdırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR