Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə İctimai Mərkəz tikilir

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə İctimai Mərkəz tikilir
# 31 mart 2016 03:47 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Yor-Muğanlı kəndində Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərəcək İctimai Mərkəzin tikintisi gedir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Ədliyyə Nazirliyindən bildirilib.

"Yor-Muğanlı kəndi və bu kəndə yaxın digər kəndlər rayon mərkəzindən uzaqlıqda yerləşdiyi üçün İctimai Mərkəzin tikilməsi sakinlərin problemlərinin həll olunmasına böyük təkan verəcək", məlumatda deyilir.

Bildirilir ki, əhali kəndi tərk etmədən 200-dən çox dövlət idarələri və fərdi təşkilatlarla bağlı sənədləri düzəltmək üçün İctimai Mərkəzin xidmətindən istifadə edəcək. Mərkəzdə həmçinin pulsuz internet və kitabxana da fəaliyyət göstərəcək. İctimai Mərkəzdə sakinlərə doğum haqqında şəhadətnamə, şəxsiyyət vərəqəsi, torpağın qeydiyyatdan keçməsi üçün sənədlər veriləcək. Eyni zamanda təqaüdçülərin problemlərinin həll olunması Mərkəzin işçiləri tərəfindən rahat və komfort şəraitdə, vaxt itirmədən həyata keçiriləcək. İctimai Mərkəz müasir avadanlıq və kompüter qurğuları ilə təmin olunacaq.

Yor-Muğanlı kənd orta məktəbinin müəllimi İsmixan Məmmədovun APA-ya verdiyi məlumatına görə, tikinti artıq sona çatmaq üzrədir: "İctimai Mərkəz Saqareco rayonunun Qaraçöp bölgəsinin 7 kəndinə? Qazilər, Tüllər, Ləmbəli, Keşəli, Yor-Muğanlı, Qarabağlı və Düzəyrəm kənd sakinlərinə xidmət göstərəcək".

İ. Məmmədov qeyd edib ki, bölgədə ümumilikdə 30 mindən çox azərbaycanlı yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR