Tiflisdə "Biz gürcü dilini öyrənirik!" layihəsinin ikinci mərhələsinə yekun vurulub

Tiflisdə "Biz gürcü dilini öyrənirik!" layihəsinin ikinci mərhələsinə yekun vurulub
# 28 dekabr 2015 21:38 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Dekabrın 28-də Gürcüstan prezidentinin sarayında "Biz gürcü dilini öyrənirik!" layihəsinin ikinci mərhələsinə yekun vurulub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Kvemo Kartli bölgəsindən, Laqodexi rayonunun Qabal və Qaracalar kəndindən, həmçinin Samsxe Cavaxeti bölgəsindən gələn etnik azlıq nümayəndələri , Marneuli, Dmanisi, Qardabani, Bolnisi rayon icra hakimiyyəti rəhbərləri, bu rayonların təhsil resursları mərkəzlərinin direktorları, orta məktəb müəllimləri iştirak ediblər.

"Biz gürcü dilini öyrənirik!" layihəsindən bəhs edən tədbiri Gürcüstan prezidentinin etnik azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi açıb və layihənin etnik azlıqlar yaşayan bölgələrdə uğurla həyata keçirildiyini bildirib. Tədbirdə İvane Cavaxişvili adına TDU-nun professoru, layihə koordinatoru Yekaterina Kobaxidze, Samsxe Cavaxeti Universitetinin rektoru Merab Beridze, Qabal kənd 1 nömrəli Azərbaycandilli orta məktəbin tarix müəllimi Yunis Novruzov, prezident administrasiyasının rəhbəri Georgi Abaşişvili və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Sonra tədbirdə "Biz gürcü dilini öyrənirik!" kursunun dinləyicilərinə sertifikatlar verilib və Dmanisinin Yırğançay, Tetri-Tskaro rayonunun Kosalar kəndində və Samsxe Cavaxetidə gürcü dilinin tədrisi və öyrədilməsinin vəziyyəti haqqında film nümayiş olunub.

Gürcüstan prezidentinin etnik azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi APA-ya açıqlamasında "Biz gürcü dilini öyrənirik!" layihəsinin Gürcüstan prezidenti Georgi Marqvelaşvili tərəfindən dəstəkləndiyini bildirib: "Bu gün biz prezidentin təşəbbüsü ilə həyata keçirilən layihənin ikinci mərhələsinə yekun vururuq. Birinci mərhələyə Kvemo Kartli bölgəsinin bir kəndindən başladıq və sonra layihənin bütün kəndlərdə həyata keçirilməsinə nail olduq. Gürcü dilini öyrənmək istəyən gənclərin, təhsil işçilərinin, yaşlı adamların sayı getdikcə artır. Bu gün biz Kvemo Kartli sakinləri olan etnik azlıq nümayəndələrinə, o cümlədən azərbaycanlılara və Samsxe Cavaxetidə yaşayan ermənilərə, həmçinin Kaxeti bölgəsində yaşayan azərbaycanlılara sertifikatlar təqdim etdik. Gələn ilin mart, aprel və may ayları ərzində "Biz gürcü dilini öyrənirik" layihəsinin üçüncü mərhələsinə başlayacağıq," S. Şamanidi qeyd edib.

Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili isə dövlət dilini bilmədən uğur əldə etməyin mümkün olmadığını bildirib: "Gürcü dilini öyrənmək vacibdir. Dövlət dilini bilən insan həyatda və dövlətin işlərində fəallıq göstərir, öz istedad və imkanlarını üzə çıxarmağı bacarır," deyə M. Topçişvili vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR