Nazir: "Türkiyə təyyarəsi ilə Çinin Uhan şəhərindən 6 Azərbaycan vətəndaşı geri qayıdır" - YENİLƏNİB-1

Nazir: "Türkiyə təyyarəsi ilə Çinin Uhan şəhərindən 6 Azərbaycan vətəndaşı geri qayıdır" - YENİLƏNİB-1
# 01 fevral 2020 13:37 (UTC +04:00)

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Çinin koronavirus yayılan Uhan şəhərindən Türkiyəyə məxsus ambulans-təyyarə ilə gətirilən şəxslərlə bağlı açıqlama verib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir bildirib ki, təyyarədə ümumilikdə 42 sərnişin var. Onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır.

Qeyd edək ki, Uhandan yola çıxan təyyarə Monqolustanda eniş edərək, yanacaq doldurandan sonra havaya qalxıb.

***

09.16

Çinin Uhan şəhərində olan 6 nəfər Türkiyəyə qayıtmaqdan imtina edib.

APA-nın Türkkiyə bürosunun məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir əlavə edib ki, həmin şəxslər könüllü şəkildə qayıtmaq istəməyiblər: “Ümumilikdə 42 sərnişin təyyarəyə mindi. Tibbi müayinə zamanı 42 nəfərin heç birində xəstəliyin əlamətləri aşkarlanmadı”.

***

08.51

Türkiyənin “Koca Yusuf” adlı xüsusi ambulans-təyyarəsi Çinin koronavirus yayılan Uhan şəhərindən geri dönür.

APA-nın yerli bürosunun "NTV"-yə istinadla verdiyi xəbərə görə, təyyarə Uhanda toplanan 42 nəfərlə geri qayıdır.

Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, "Türkiyə və dost ölkə vətəndaşlarını Səhiyyə Nazirliyi heyətinin nəzarəti altında təhlükəsiz şəkildə təhvil alan təyyarə Çinin Uhan şəhərindən havaya qalxıb".

Qeyd edək ki, Çinin Hubey vilayətinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirusun (2019-nCoV) səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 11,7 min nəfəri keçib, 259 sakin isə bu virusdan ölüb.

Xatırladaq ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca dünən açıqlamasında aralarında 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşlarının da olduğu 48 nəfərin geri dönəcəyini bildirmişdi. Nazir Türkiyəyə gətirilən vətəndaşların, onları gətirən pilot və səhiyyə ekipajının 14 gün karantində saxlanılacaqlarını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR