Azərbaycana gələn turistlərin sayının bu il 20% artacağı gözlənilir

Azərbaycana gələn turistlərin sayının bu il 20% artacağı gözlənilir
# 16 aprel 2009 13:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu ildən Azərbaycanın regionlarında, eyni zamanda Bakıda fəaliyyət göstərən otellərin təqdim etdiyi xidmətlərin qiymətləri 20-25% ucuzlaşıb. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.
Qiymətlərin endirilməsini müsbət qiymətləndirən nazir hesab edir ki, ölkədəki otellərin təqdim etdiyi xidmətlər ucuz deyil. Amma otellərin sayı artsa və xidmətlərin müxtəlifliyi təmin olunsa, bu rəqabət şəraitində qiymətlər də enəcək.
Ə.Qarayev bu il ərzində Azərbaycana gələcək turistlərin sayında yalnız 15-20% artımın gözlənildiyini də söyləyib. Onun fikrincə, əgər 15-20%-lik baş verərsə, bu, böyük rəqəm hesab oluna bilər: «Sözsüz ki, dünyada baş verən maliyyə böhranı insanların səyahət etmək imkanlarına müəyyən dərəcədə təsir edib. Buna görə də indi biz 40%-lik artımdan deyil, yalnız 15-20% artımdan danışa bilərik. Əgər 15-20% artım olsa, bu, böyük rəqəm hesab oluna bilər».
Ə.Qarayev bildirib ki, ötən il Azərbaycana 1,899 mln. nəfər xarici vətəndaş təşrif buyurub. Onların yalnız 1,4 mln-u sırf turist hesab olunub: «Mənim bildiyimə görə, dünyada indiyədək bu göstəricidən yüksək artım heç bir ölkədə qeydə alınmayıb. Ümumdünya Turizm Təşkilatı bizə bununla bağlı məlumatları yayda təqdim edəcək».
Turizm sərgilərinin keçirilməsinin ölkəyə gələn və gedənlərin turistlərin sayına müsbət təsir göstərdiyini deyən Ə.Qarayevin sözlərinə görə, ötən ilki sərgidən sonra İtaliyaya gedən Azərbaycan turistlərinin sayı iki dəfə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR