Əbülfəs Qarayev: “2008-ci ildə Azərbaycana 1 milyon 400 mindən çox turist gəlib”

Əbülfəs Qarayev: “2008-ci ildə Azərbaycana 1 milyon 400 mindən çox turist gəlib”
# 23 aprel 2009 11:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “2008-ci ilin yekunlarına görə aparılan təhlillər göstərib ki, dünyada baş verən ciddi maliyyə böhranına baxmayaraq, Azərbaycana gələn xarici turistlərin sayı 2008-ci ildə 2007-ci ilə nisbətən 39,4 faiz artaraq 1 milyon 400 mini ötüb”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan prezidentinin iştirakı ilə Nazirlər Kabinetinin bu ilin I rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışında deyib. Nazir hazırda respublikada 230 turizm şirkəti, 370 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyət göstərdiyini qeyd edib: “Mehmanxanaların sayı 2008-ci ildə 2007-ci ilə nisbətən 16,9 faiz artıb. Hazırda 35 mehmanxana binası inşa edilməkdədir. Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə 2009-cu ilin birinci rübü ərzində 7 beynəlxalq turizm sərgisində iştirak etmişik. “CNN” və “EuroNews” kimi dünyanın məşhur telekanallarında Azərbaycanın turizm imkanları haqqında reklam çarxlarının nümayiş etdirilməsi artıq ənənəyə çevrilib”.

Ə. Qarayev dövlətin həm mədəniyyət, həm də turizm sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb: “2009-cu ildə mədəniyyət və turizm sahəsinə ötən ilə nisbətən dövlət büdcəsindən 11,7 faiz çox vəsait ayrılıb. 2006-cı ilə nisbətən 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi üzrə büdcə xərcləri 3,7 dəfə artıb. Təmir-bərpa və layihələndirmə işləri üçün isə investisiya xərclərinin həcmi 8 dəfə çoxalıb”.

Nazir bildirib ki, 2006-2008-ci illərdə nazirlik tərəfindən Azərbaycan mədəniyyəti, incəsənəti və turizminin müxtəlif sahələrinə həsr olunmuş 100-dən çox kitab nəşr edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR