“Azərbaycanda ekoloji turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

“Azərbaycanda ekoloji turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib
# 25 aprel 2009 09:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyi və Turizm İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda ekoloji turizmin inkişaf perspektivləri” adlı beynəlxalq konfrans keçirilib. APA-nın xəbərinə görə, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirib ki, konfrans ekoturizm və bu sahədə son inkişaf istiqamətləri haqqında ümumi məlumat verilməsi, Azərbaycanda ekoturizmə təsir edən faktorların, mövcud problemlərin, kənd, su və ovçuluq turizmi kimi növlərin inkişafına yol açan imkanların araşdırılması, tələbələrin elmi-praktik biliklərinin inkişafı, onlarda tədqiqatçı vərdişlərin formalaşdırılması məqsədlə keçirilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycanda bir çox sahələrdə olduğu kimi, turizm sahəsində də irəliləyişlərin olduğunu vurğulayıb və konfrans iştirakçılarına ölkə turizmi haqqında ətraflı məlumat verib.
Konfransda “Müasir dünyada ekoturizm”, “Azərbaycanın yeddi möcüzəsi”, “Azərbaycanın təbii abidələri”, “Azərbaycanda ovçuluq”, “Azərbaycanda su turizmi”, “Xəzəryanı neft texnologiyasının istifadəsində ekotəhlükəsizlik”, “Alternativ enerjinin üstünlükləri” və digər mövzularda məruzələr səslənib. Bütün təqdimat və məruzələr ingilis dilində olub. Tədbir xüsusi hazırlanmış bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, konfransa Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsul şəxsləri, ali məktəb tələbələri, beynəlxalq və yerli təşkilatların nümayəndələri qatılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR