Bank Of Baku

Türkiyə kurortları ilə bağlı turistlər arasında sorğu keçirilib

Türkiyə kurortları ilə bağlı turistlər arasında sorğu keçirilib
# 30 iyun 2009 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Efes Pilsen» şirkəti tərəfindən keçirilən tədqiqat nəticəsində turistləri Türkiyəyə cəlb edən əsas amillər müəyyənləşib.

«APA-Economics»in məlumatına görə, sorğuda 2 500 nəfər iştirak edib. Tədqiqatın nəticələrinə əsasən müəyyənləşib ki, turistləri bu ölkəyə ilk növbədə Türkiyə kurortlarının gözəl mənzərəsi, təbiəti, mülayim iqlimi və dənizi cəlb edir. Belə ki, sorğuda iştirak edənlərin 58,7%-i məhz buna görə Türkiyəyə səfər etdiklərini bildirib. Sorğunun ikinci əsas amili isə iqtisadi faktor olub. Turistlərin 24,9%-i Türkiyə kurortlarının cəlbediciliyini ucuz qiymətlərlə əlaqələndirib. Cəlbediciliyə görə üçüncü yerdə Türkiyənin tarixi abidələri və mədəniyyəti, dördüncü yerdə isə dostlar tərəfindən göndərilən dəvət amilləri dayanıb.

Türkiyənin ayrı-ayrı kurort bölgələrinə gəldikdə isə, sorğu iştirakçılarının 19,3%-i Kəmər, 15,7%-i Antalya, 13,5%-i Manavqat və qalanı isə Bodrumu üstün tutur. Bu da, yəqin ki, Bodrumun Türkiyənin ən bahalı kurortlarından biri olması ilə bağlıdır.

Türkiyənin otel və mehmanxanalarına gəldikdə isə, turistlərin əksəriyyəti (69,1%) 4-5 ulduzlu otellərdə məskunlaşır, 14%-i isə 2-3 ulduzlu otellərə üstünlük verir. Turistlərin 76,1%-i otellərdə «hər şey daxildir» sisteminə üstünlük verir ki, onlardan da 68,2%-i oteldə göstərilən xidmətləri yüksək qiymətləndirib, yalnız 24,1%-i xidmətdən razı qalmayıb.

Turistlərin Türkiyədən razı qalması səviyyəsi alış-veriş məsələsinə gəldikdə azalır. Belə ki, turistlərin 60,7%-i hər hansı bir şeyi alarkən onlar lazım olduğundan çox pul ödədiyini, 39,3%-i alverin düzgün aparıldığını hesab edir, respondentlərin 73,3%-i isə onları alış-veriş zamanı aldatmaq istəyənlərə görə alver etmədiklərini bildirib.

Ümumiyyətlə, «şopinq»ə gəldikdə turistlərin 47,7%-i Türkiyədə tekstil, ayaqqabı və aksesuar, 42%-i suvenir alır, 21,3%-i isə heç nə almadan öz ölkəsinə qayıdır.

Bundan başqa, turistlərin 87,2%-i istirahət zamanı onların təhlükəsizliyinin qorunmasında heç bir problemin olmadığını bildirib.

Sorğuda iştirak edənlərin 17,8%-i Türkiyədə rakı içdiklərini, qalan hissəsi isə pivəyə üstünlük verdiyini bildirib. Mətbəxə gəldikdə isə, respondentlərin 84,9%-i ümumiyyətlə türk mətbəxini, 46,6%-i yalnız kababı bəyəndiyini deyib, 30%-i isə müxtəlif desertlərə üstünlük verib.

Türk musiqisinə gəldikdə isə turistlərin 18,1%-nin türkiyəli musiqiçilər xoşuna gəlib ki, onların sırasında pop-ulduz Tarkan əsas yeri (11,8%) tutur.

Sorğunun sonuncu sualı «yenidən Türkiyəyə gələcəksinizmi» olub. Bu suala sorğu iştirakçılarının 40,2%-i istirahət etdiyi həmin kurort məkanına gələcəklərini, 47,4%-i Türkiyənin digər kurort şəhərinə və yalnız 5,2%-i daha Türkiyəyə gəlməyəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR