Bank Of Baku

Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi Azərbaycanla turizm, İKT və sənaye sektorunda əməkdaşlıq imkanlarını araşdırır

Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi Azərbaycanla turizm, İKT və sənaye sektorunda əməkdaşlıq imkanlarını araşdırır
# 14 oktyabr 2010 14:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Türkiyə Baş Nazirliyi yanında Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) Azərbaycanın turizm, informasiya texnologiyaları və sənaye sektorunda bir sıra layihələri nəzərdən keçirir. Bu barədə «APA-Economics»ə TİKA-nın Azərbaycan üzrə proqram koordinatoru Orhan Qazigil məlumat verib.

O.Qazigilin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə turizm sektorunun inkişafı ilə bağlı layihələrin həyata keçirilməsinə dair müzakirələr aparırlar: «TİKA-nın araşdırmalarına görə Azərbaycanın ciddi turizm potensialı var. Gərəkli investisiyalar yatırılarsa bu sahədə böyük inkişaf əldə olunar. Bu sahədə xidmət sektorunun inkişaf etdirilməsi ilə bağlı layihələr var».

TİKA nümayəndəsi onu da əlavə edib ki, Azərbaycanın müvafiq qurumları ilə görüşlər nəticəsində bir pilot bölgədə turizmin inkişafı ilə bağlı layihənin həyata keçirilməsi razılaşdırılıb. Bununla bağlı işlərə Türkiyə dəstək verəcək, bu sahədə Türkiyə təcrübəsi öyrənilərək tətbiq olunacaq.

«Bu yaxınlarda gündəmə gələn və üzərində çalışmalara başladığımız sahələrdən biri də informasiya texnologiyaları sektorudur. Hazırda biz birgə fəaliyyət göstərə biləcəyimiz sahələri araşdırırıq», - deyən O. Qazıgil iki ölkənin İT sektorunda müştərək həyata keçirə biləcək bir çox layihələrin ola biləcəyini düşünür.

O.Qazıgil Azərbaycanda azad sənaye zonasının yaradılması layihəsi çərçivəsində TİKA tərəfindən müəyyən təkliflərin hazırlanaraq Azərbaycan hökumətinə təqdim olunduğunu da qeyd edib. Təşkilat rəhbərinin sözlərinə görə, TİKA Ankaradakı OSTİM azad sənaye bölgəsi çərçivəsində Türkiyə təcrübəsini təqdim edib: «Bildiyim qədər, o layihənin burada həyata keçirilməsi gündəmdədir. Biz istənilən zaman bu sahədə köməyimizi göstərməyə hazırıq».

Qeyd edək ki, TİKA 1992-ci ildən fəaliyyət göstərir və hazırda Mərkəzi Asiya, Afrika ölkələrində ölkə ofisləri var. TİKA Türkiyə hökuməti tərəfindən sosial, iqtisadi və texniki yardımları ölkə ofisləri vasitəsi ilə çatdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR