Bank Of Baku

Azərbaycandakı hotellərdə yerləşdirilən əcnəbilərin sayı 13% artıb

Azərbaycandakı hotellərdə yerləşdirilən əcnəbilərin sayı 13% artıb
# 26 oktyabr 2010 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycan ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 39 vahid artaraq 477-yə, onlarda olan nömrələrin (otaqların) sayı 1 166 vahid artaraq 14 629-a, birdəfəlik tutumu isə 2 532 vahid artaraq 31 996-ya çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu müəssisələrin 87,8%-i xüsusi, 9,2%-i dövlət, 2,5%-i xarici, 0,5%-i birgə (xarici qarışıq) mülkiyyət növünə məxsus olub.

Mehmanxana və mehmanxana tipli müəssisələrin 139-u Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Naftalan və Şirvan şəhərlərində, 22-si Naxçıvan Muxtar Respublikasında, 49-u Xaçmaz, 33-ü Masallı, 24-ü Şamaxı, 27-si Quba, 16-sı İsmayıllı, 15-i Şəki, 12-si Lənkəran, 11-i Zaqatala, 129-u isə ölkənin digər rayonlarında fəaliyyət göstərib.

Hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələr 48,5 mln. manat məbləğində gəlir əldə edib ki, gəlirin 66%-i nömrələrin satışından, 21,9%-i içkilər də daxil edilməklə qida məhsullarının satışından, 4,8%-i müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 7,3%-i isə digər pullu xidmətlərdən əldə edilib. İstismardan əldə olunan gəlirin 44,7%-ni xarici mülkiyyətə, 33,1%-ni xüsusi mülkiyyətə, 17,1%-ni birgə (xarici qarışıq) mülkiyyətə, 5,1%-ni dövlət mülkiyyətinə məxsus müəssisələrin gəlirləri təşkil edib.

Cari ilin birinci yarısında mehmanxana və mehmanxana tipli müəssisələrin istismar xərcləri 29,2 mln. manat olub ki, xərclərinin 14%-ni maddi məsrəflər, 4,3%-ni qeyri-maddi məsrəflər, 27,2%-ni əmək haqqına çəkilən xərclər, 7,9%-ni əsas fondların amortizasiyası, 4,3%-ni bütün sığortalar üzrə sosial ayırmalar, 42,3%-ni isə digər xərclər təşkil edib.

Altı ay ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə 195,2 min nəfər yerləşdirilib ki, onların 86,8 min nəfəri (44,5%) ölkə vətəndaşları, 108,4 min nəfəri (55,5%) xarici ölkə vətəndaşları olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin ümumi sayı 11,6%, o cümlədən ölkə vətəndaşlarının sayı 10,2%, əcnəbilərin sayı isə 12,8% artıb. Gecələmələrin sayı 6,8% artaraq 482,1 min çarpayı-sutka təşkil edib, onlardan 216,3 min ölkə vətəndaşlarına, 265,8 min xarici ölkə vətəndaşlarına təqdim edilib.

Qeyd edək ki, mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin altı ayı ilə müqayisədə 1,2% artaraq 5 131 nəfər olub. Bir işçiyə düşən orta aylıq əmək haqqının məbləği 50 manat artaraq 258 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR