Bank Of Baku

Azərbaycan hotellərinin gəlirləri son bir ildə 9% artıb

Azərbaycan hotellərinin gəlirləri son bir ildə 9% artıb
# 16 aprel 2011 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların sayı 2009-cu illə müqayisədə 10,4% və ya 47 vahid artaraq 499, onlarda olan nömrələrin (otaqların) sayı isə 1,4% və ya 194 nömrə artaraq 14 158 olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə mehmanxana və mehmanxana tipli müəssisələrin 7,4%-i dövlət, 92,6%-i isə qeyri-dövlət müəssisələri olub: «Nömrələrin 17,3%-ni lüks nömrələr, 41,1%-ni birinci dərəcəli nömrələr, 41,6%-ni isə turist dərəcəli nömrələr təşkil edib. Ümumiyyətlə, mehmanxana və mehmanxana tipli müəssisələrin 114-ü Bakı şəhərinin, digərləri isə ölkənin başqa-başqa şəhər və rayonlarının payına düşüb».

Bununla yanaşı, 2010-cu ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 14,2 min nəfər və ya 3,4% artaraq 438,5 min nəfər olub. Onların 226,1 min nəfəri, yaxud 51,6%-i Azərbaycan, 212,4 min nəfəri (48,4%-i) xarici ölkə vətəndaşları olub: «Bu müəssisələrdə yerləşdirilmiş Azərbaycan vətəndaşlarının sayı 10,7 min nəfər və ya 5%, xarici ölkə vətəndaşlarının sayı isə 3,5 min nəfər və ya 1,7% artıb».

Komitədən həmçinin bildirilib ki, 2010-cu il ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş xarici ölkə vətəndaşının 72,2%-i turizm, 27,8%-i isə digər məqsədlə Azərbaycana gəlib. Xarici turistlərin 25,7%-i istirahət və əyləncə, 63,8%-i işgüzar, 5,7%-i müalicə, 4,8%-i isə digər turizm məqsədilə səfər edib.

Hotellərin gəlirlərinə gəldikdə isə, 2009-cu illə müqayisədə 2010-cu ildə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdiyi gəlir 9,2% artaraq 105,9 mln. manat olub: «Gəlirlərin 71,7 mln. manatı nömrələrin satışından, 19,5 mln. manatı içkilər də daxil edilməklə qida məhsullarının satışından, 7,7 mln. manatı müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 7 mln. manatı isə digər xidmətlərin göstərilməsindən əldə edilib».

Qeyd edək ki, hesabat dövründə Azərbaycan üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə bir gecəlik yerləşmə xidmətinin orta qiyməti 53 manat təşkil edib. Ayrı-ayrı şəhər və rayonlarda isə bu qiymətlər müxtəlif olub. Belə ki, Bakı şəhərində 70 manat, Gəncədə 61 manat, Şəki rayonu üzrə 46 manat, Quba rayonu üzrə 38 manat, Sumqayıt şəhərində 53 manat, Masallı rayonu üzrə 17 manat, İsmayıllı rayonu üzrə 32 manat, Qusar rayonu üzrə 14 manat, Xaçmaz rayonu üzrə 28 manat, Naxçıvan MR-də 38 manat, Mingəçevir şəhərində 14 manat, Lənkəran rayonu üzrə 32 manat, Qəbələ rayonu üzrə isə 22 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR