Bank Of Baku

Fars körfəzində Azərbaycanın turizm nümayəndəliyinin yaradılmasına dair saziş imzalanıb

Fars körfəzində Azərbaycanın turizm nümayəndəliyinin yaradılmasına dair saziş imzalanıb
# 28 aprel 2011 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan ölkə turizminin təbliğatının genişləndirilməsi məqsədilə yeni layihəyə start verib. “APA-ECONOMICS”in məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Dubayın “Atlantis Holiday” şirkəti arasında Fars körfəzində Azərbaycanın turizm nümayəndəliyinin yaradılmasına dair saziş imzalanıb.

İmzalanma mərasimindən öncə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Körfəz ölkələrində Azərbaycanın təbliğinin bir qədər də inkişaf etdirilməsi məqsədilə həmin regionda keçirilən sərgilərdə iştirak olunur: “Lakin bunun genişləndirilməsinə ehtiyac var. Məhz bu məqsədlə qərara alınıb ki, Körfəzdə Azərbaycanın turizm nümayəndəliyi yaradılsın”.

Nazir qeyd edib ki, Azərbaycan bir sıra Dubay şirkətləri arasında seçim aparıb və sonda “Atlantis Holiday” şirkəti üzərində dayanıb: “Layihə çərçivəsində Dubayda Azərbaycan küçəsi yaradılacaq, Azərbaycana səfər üçün təbliğat aparılacaq, broşürlər paylanacaq, xarici turistlər üçün xüsusiləşdirilmiş səyahətlər təşkil olunacaq. Bu il layihənin gerçəkləşməsindən sonra gələn il üçün geniş proqram nəzərdə tutulub. Həmin proqramla “Atlantis Holiday” məşğul olacaq, Azərbaycan müəyyən qədər vəsait ayıracaq. Payızda isə “Atlantis Holiday” layihə çərçivəsində hazırladığı təqdimatla Azərbaycanda çıxış edəcək”.

Öz növbəsində “Atlantis Holiday”in rəhbəri Rəşid əl-Nuri Azərbaycanı Körfəzdə layiqincə təmsil edəcəklərini vurğulayıb: “Azərbaycanın turizm sahəsində kifayət qədər imkanları mövcuddur və bizim vətəndaşların Azərbaycan təbiətinə ehtiyacı var”.

Daha sonra imzalanma mərasimi keçirilib. Dubayda Azərbaycanın turizm nümayəndəliyinin yaradılmasına dair sazişi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov və “Atlantis Holiday” şirkətinin rəhbəri Rəşid əl-Nuri imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR