Bank Of Baku

Azərbaycana səfər edən turistlərin sayının artırılması üçün viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair təkliflər hazırlanacaq

Azərbaycana səfər edən turistlərin sayının artırılması üçün viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair təkliflər hazırlanacaq
# 25 iyul 2011 16:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Turizm məqsədi ilə Azərbaycan Respublikasına səfər edən şəxslərin sayının artırılması üçün onlara viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair təkliflər hazırlanacaq. APA-nın məlumatına görə, bu məsələ “2011-ci ilin Turizm İli” elan edilməsi ilə bağlı Azərbaycanın dövlət başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planında yer alıb. Bu işin icrası isə Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb. Tədbirlər Planında yer alan digər bəndlərdə hava, dəniz və yol beynəlxalq, həmçinin yerli daşımalarda turist qruplarına xüsusi tarif qiymətlərinin tətbiq edilməsinə dair təkliflərin hazırlanması da var. Bu məsələ Mədəniyyət və Turizm Nazirliyi və Nəqliyyat Nazirliyinə həvalə edilib.

“2011-ci il” Turizm İli çərçivəsində Xəzər dənizinin sahil ərazilərində çimərlik turizminin inkişaf etdirilməsi məqsədi ilə müvafiq idarəetmə mexanizminin yaradılmasına dair təkliflərin hazırlanması, Turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlərin ayrılması, “Turizm ili” çərçivəsində turizm sənayesinin inkişafı üçün iqtisadi mühitin yaxşılaşdırılmasına və investisiyaların cəlb olunmasına dair təkliflərin hazırlanması, Qonşu ölkələrin nümayəndələrinin iştirakı ilə “Sərhədyanı turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Turizm şirkətlərində, mehmanxana və restoranlarda çalışanların peşə hazırlığını artırmaq üçün ixtisaslaşdırılmış treninqlərin keçirilməsi, Turizm bələdçiləri üçün Bakı və Abşeron yarımadası haqqında vahid metodiki vəsaitin hazırlanması və təsdiq edilməsi, Müalicəvi su və digər təbii mənbələrin olduğu ərazilərdə müasir tələblərə uyğun rekreasiya-yerləşdirmə obyektlərinin yaradılmasına dair təkliflərin hazırlanması kimi bəndlər yer alıb. Bununla yanaşı, Turizm informasiya mərkəzləri şəbəkəsinin (Qəbələ, İsmayıllı (Basqal) və Bərdə) genişləndirilməsi və onların müasir avadanlıqlarla təchiz edilməsi, “Azərbaycanda palçıq vulkanları” marşrutunun hazırlanması və təqdimatının keçirilməsi, Respublika kitabxanalarının, informasiya mərkəzlərinin, muzey və təhsil ocaqlarının internet informasiya vasitələrində ölkənin turizm potensialının təbliği ilə bağlı lazımi işlərin görülməsi, Mehmanxana və mehmanxana tipli obyektlərin Azərbaycanı təbliğ edən turizm bələdçi kitabı ilə təmin olunması, Yerli və xarici turistlər üçün cəlbedici nümayiş obyekti kimi “Basqal” etnoqrafik kənd layihəsinin yaradılması, müvafiq tarix-mədəniyyət obyektlərinin bərpası və müvafiq beynəlxalq nominasiyaya təqdim edilməsi, Respublikanın ərazisində turizm və nümayiş obyektlərinə (tarix və mədəniyyət qoruqlarına və xüsusi əhəmiyyətli abidələrə) gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol nişanlarının qoyulması, “Şahdağ” qış-yay turizm kompleksinin yaradılması ilə bağlı işlərin sürətləndirilməsi, Turizmin davamlı inkişafı məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında respublika üzrə turizm və rekreasiya zonaları ərazilərinin 1:50000 miqyasında müasir xəritələrinin hazırlanması da Turizm ili çərçivəsində görülməsi nəzərdə tutulan Tədbirlər Planına əlavə edilib.

“2011-ci ilin Turizm İli” elan edilməsi ilə bağlı Azərbaycanın dövlət başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin Milli Məclisə təqdim edilməsi, Turizm xidməti əməkdaşlarının peşə bayramının (gününün) elan olunması və turizm sənayesində çalışan şəxslərin dövlət tərəfindən təltif edilməsi üçün təkliflərin hazırlanması da xüsusi bənd olaraq qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR