Bank Of Baku

Bakıda “Sərhədyanı turizmin inkişafı və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Sərhədyanı turizmin inkişafı və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir
# 09 dekabr 2011 10:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda “Sərhədyanı turizmin inkişafı və perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

APA-Economics”in xəbərinə görə, iki gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya və Türkmənistanın turizm sektoru orqanlarının, turizm şirkətlərinin və Azərbaycan Turizm Universitetinin nümayəndələri, turizm üzrə ekspertlər və digər şəxslər iştirak edir.

Konfransın keçirilməsində məqsəd region ölkələri arasında turizmin daha da inkişaf etdirilməsi ilə bağlı yeni layihələrin inkişaf etdirilməsi, uzaq xarici ölkələrdən turistlərin cəlb edilməsi üçün birgə turizm marşrutlarının yaradılması, alternativ turizm məhsullarının yaradılması və digər üsulların müzakirəsidir.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə rəisi Aydın İsmiyevin sözlərinə görə, bütün dünyada turizm mübadiləsinin böyük hissəsi qonşu ölkələrin payına düşür. Belə ki, Azərbaycana gələn turistlərin 50-55%-i ətraf xarici ölkələrdən - Rusiya, Türkiyə, İran Gürcüstan və s.-dən gəlir. Bu baxımdan regional turizmin inkişaf etdirilməsi Azərbaycan üçün çox vacibdir. Bundan başqa, statistika göstərir ki, uzaq ölkələrdən gələn turistlər gəldikləri regionda bir yox, bir neçə ölkəni gəzməkdə maraqlı olurlar: «Məsələn, əvvəl Azərbaycana gəlirlər, sonra Gürcüstana, sonra isə Türkiyəyə gedib, oradan öz vətənlərinə yola düşürlər. Buna görə də region ölkələri xarici turistlərin daha da aktiv cəlb olunması üçün birgə layihələrin reallaşdırılmasında maraqlıdırlar. Bu baxımdan belə regional marşrutlar çox aktualdır».

Bu mövzuda tədbirin ilk dəfə keçirildiyini bildirən A.İsmiyevin sözlərinə görə, konfransda birgə əməkdaşlıq, o cümlədən orta turizm marşrutlarının tətbiqi, dünya turizm bazarına regional turizm məhsullarını təqdim etmək, qarşılıqlı turist mübadiləsi həyata keçirmək və s. müzakirə olunacaq.

Qeyd edək ki, konfransın nəticəsi olaraq Bakı bəyannaməsinin qəbulu nəzərdə tutulub. Sənəddə region ölkələri arasında turizm sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, birgə layihələrin reallaşdırılması, eləcə də İpək Yolu, Aleksandr Düma, Qafqaz turu və s. kimi beynəlxalq mədəni turizm marşrutlarının yaradılmasının vacibliyi qeyd olunub, region ölkələrinin bu tədbirləri dəstəkləyəcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR