Bank Of Baku

Azərbaycandakı mehmanxanalar ötən il mənfəətini 44% artırıb

Azərbaycandakı mehmanxanalar ötən il mənfəətini 44% artırıb
# 27 aprel 2012 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdiyi məcmu gəlirlər 2010-cu illə müqayisədə 8,3% artaraq 114,7 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 76,5%-i nömrələrin satışından, 15,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışından, qalanı isə digər xidmətlərin göstərilməsindən əldə edilib. «Hesabat ilində müəssisələrin xərcləri 0,9% artaraq 88,7 mln. manat təşkil edib. Xərclərin əsas hissəsini əmək haqqı xərcləri, içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər və əsas fondların amortizasiya xərcləri təşkil edib və ümumi xərclərdəki payları müvafiq olaraq 20,5%, 16,3% və 13% olub», - deyə Komitədən bildirilib.

Nəticədə, 2011-ci ildə Azərbaycandakı mehmanxanaların məcmu mənfəəti 26 mln. manat təşkil edib ki, bu da 2010-cu ilə nisbətən 44,4% çoxdur.

Qeyd edək ki, 2011-ci ildə ölkədə turizm infrastrukturunun əsas elementlərindən biri olan 508 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib, onların 6,7%-i dövlət, 93,3%-i isə qeyri-dövlət müəssisələridir. Bu müəssisələrdəki nömrələrin (otaqların) sayı 14,8 min vahid, birdəfəlik tutum isə 32 min çarpayı-yer olub.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3% artaraq 510,2 min nəfər olub ki, onların da 50,6%-i xarici ölkə vətəndaşlarıdır. Yerləşdirilmiş Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 11,5%, xarici ölkə vətəndaşlarının sayı isə 21,5% artıb.

Xatırladaq ki, 2011-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta illik siyahı sayı 2010-cu illə müqayisədə 177 nəfər artaraq 6 198 nəfərə çatıb və bir işçiyə düşən orta aylıq əmək haqqının məbləği 245 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR