Turizm Bürosunun Baş icraçı direktoru: "Turizm xidməti göstərən şəxslər üçün vergi güzəştləri həyata keçiriləcək"

Turizm Bürosunun Baş icraçı direktoru: "Turizm xidməti göstərən şəxslər üçün vergi güzəştləri həyata keçiriləcək"
# 04 dekabr 2019 10:48 (UTC +04:00)

""Turizm haqqında" qanun layihəsinin qəbulu ilə 2020-ci il ərzində çoxlu müsbət dəyişikliklərin baş verməsinin şahidi olacağıq".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, turizm xidməti göstərən və bu sahədə yeni fəaliyyətə başlayan şəxslər üçün vergi güzəştlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bu da turizm biznesinə böyük töhfə verəcək: "Azərbaycan turizmi dünyada ötən ilə nisbətən artıq daha yaxşı tanınır. İnternet texnologiyalarının tətbiqi və mətbuatda aparılan təşviqat bu işə töhfə verib".

F. Zenqstşmit əlavə edib ki, Şəkidə, Lənkəranda aparılan sorğuların nəticələrinə əsasən, ən aşağı məmnunluq səviyyəsi aviabiletlərin qiyməti, yerli səyahət bazarı, nəqliyyat sisteminin keyfiyyəti ilə bağlıdır: "Bu sahədə inkişafın baş verməsinə ehtiyac var. Buna nail olmaq, növbəti illərdə birgə əməkdaşlığın qurulması qarşıda duran əsas vəzifələrdəndir".

F. Zenqstşmit qeyd edib ki, yaradılacaq turizm reyestri xarici partnyorlara daxili bazarı əyani şəkildə təsvir etməyə imkan verəcək: "Məlumat bazasının yaradılması və vaxtaşırı yenilənməsi vacibdir. Bu, bizim əsas məqsədlərimizdən biridir. İnnovasiya və texnologiyanı inkişafımızda diqqətimizdə saxlamalıyıq. Hazırda innovativ texnologiya layihələrinin icrasında geri qalmalar var. Növbəti ildə Azərbaycan Turizm Şurası ilə Azərbaycan Hotel Assosiasiyası arasında birgə işçi qrup təşkil edərək, bunun inkişafını nəzərdən keçirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR