Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Turizm İnstitutunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Azərbaycanda turizmin inkişafında mehmanxana və restoran təsərrüfatı - problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
APA-nın məlumatına görə, konfransda çıxış edən universitetin rektoru Cəfər Cəfərov təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddətdə turizm sahəsi üzrə respublika konfranslarının keçirildiyini diqqətə çatdırıb: “Bugünkü tədbirin özəlliyi ondadır ki, bu, birinci kursu bitirmək üzrə olan tələbələrin spesifik konfransıdır. Konfransın keçirilməsində məqsəd həm də Turizm İnstitutunun tələbələrini gələcəkdə institutun kadrları kimi ali məktəbə cəlb etməkdir. Tələbələrin məruzələri çap ediləcək və bu işlər tələbələrin gələcək fəaliyyəti üçün əlavə töhfə olacaq”.
Üç bölmə üzrə davam edən tədbirdə institutun bakalavr pilləsində təhsil alan tələbələr “Azərbaycanda işgüzar turizm”, “Azərbaycanda turizmlə bağlı problemlərin həlli yolları”, “Turizm və otel işinin təşkilində reklamın rolu” və s. mövzularda məruzələrlə çıxış ediblər.