Bakı. Cavid Zeynallı – APA. “Baku Guide” bələdçi kataloqunun noyabr sayı çapdan çıxıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqu "Bakı haqqında hər şey" ("All about Baku") konseptində Azərbaycan, ingilis və rus dillərində hazırlanıb.
Nəşrin yeni sayında Bakının teatr və konsert salonlarının, kino mərkəzlərinin noyabr ayı üçün geniş repertuarı, 4-7 noyabr tarixində Bakıda gerçəkləşən III Beynəlxalq Teatr Konfransı haqqında məlumat, Heydər Əliyev Mərkəzində Bernard Buffetin sərgisi, Muzey Mərkəzində Aleksandra Kukinovanın farfor kuklalar sərgisi və digər mədəniyyət tədbirləri barədə informasiya və afişalar yer alıb.
Nəşrdə Bakının küçə və meydanları, şəhər və şəhərətrafı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatları, ünvan və əlaqə telefonlarını əldə etmək olar. Tarixi abidələr bölməsində İçərişəhər, Qobustan, Yanardağ, Qala qoruqları haqqında üç dildə materiallar verilib.
Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar cavablandırılır. Turizm agentləri, aviakassalar, hava yolları, hotel, restoran, ticarət və əyləncə məkanları, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. məlumatlar bələdçi kataloqunda əksini tapıb.