Bakı-APA. Cari il iyulun 9-da "Şahdağ" Qış-Yay Turizm Kompleksi və Andorranın "PGI Management" şirkəti arasında saziş imzalanıb. APA-nın məlumatına görə, sənədi "Şahdağ" kompleksinin direktoru Emin Həşimov və "PGI Management"in prezidenti Con Viladomat imzalayıb. Sazişə əsasən, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin ərazisindəki "Zirvə", "Gaya Residence" и "Shahdag Hotel&SPA" mehmanxanalarının idarəçiliyi 3 il müddətinə "PGI Management" şirkətinə verilib.
Qeyd edək ki, 1955-ci ildən fəaliyyət göstərən "PGI Management" şirkəti Andorranın ən böyük turizm operatoru və turizm kurortlarının sahibidir. Şirkət ildə 5 milyon turistə xidmət göstərir, Portuqaliya, İspaniya, Rusiya və digər ölkələrdə mehmanxana biznesinə malikdir.
2012-ci ilin noyabrından 2013-cü ilin martında qış mövsümü başa çatanadək "PGI Management" şirkəti "Şahdağ" Qış-Yay Turizm Kompleksində texniki xidmətlərə rəhbərliyi həyata keçirib. Ötən mövsüm Andorra şirkəti əməkdaşlarının süni qaryağdırma sistemlərinin, kanat yollarının idarəsi, dağ-xilasetmə xidməti və yerli mütəxəssislərin hazırlanması sahəsində yüksək peşəkarlıq səviyyəsini göstərib.
Bununla bağlı "PGI Management" şirkətinin kompleksdə fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul olunub.