Bakı. Şamil Əlibəyli - APA. Azərbaycan ABŞ-ın Çikaqo şəhərində keçiriləcək "Səyahət və macəra" (Travel and adventure show) şousunda iştirak edəcək.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ölkəmiz tədbirdə "Azərbaycanın möcüzələri" (Wonders of Azerbaijan) proqramı ilə çıxış edəcək. Sərgidə Azərbaycanı dörd turizm şirkəti təmsil edəcək.
Səfir Elin Süleymanov bildirib ki, sərgi Azərbaycanın mədəniyyətini, irsini və mətbəxini tanıtdırmaq üçün çox gözəl fürsətdir. O əlavə edib ki, sərgiyə qatılan ziyarətçilər Azərbaycanın təqdim edə biləcəyi səyahət imkanlarına heyran qalacaqlar.
Qeyd edək ki, yanvarın 11 və 12-də keçiriləcək X Çikaqo "Səyahət və macəra" şousunda 250-dən artıq turizm şirkəti iştirak edəcək. Azərbaycan bu tədbirdə ilk dəfədir iştirak edir.