Bank Of Baku

Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisinin açılışı olub

Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisinin açılışı olub
# 07 aprel 2016 16:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda 15-ci Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" (AITF-2016) sərgisinin açılış mərasimi olub.

 

APA-nın məlumatına görə, aprelin 9-dək davam edəcək sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

 

Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətindən danışıb. Nazir bildirib ki, keçirildiyi illər ərzində AITF sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilərək bu sənaye sahəsinin qovşağı statusunu qazanıb.

 

Nazir qeyd edib ki, hazırda Azərbaycan bu sahənin inkişafına görə 140 ölkə arasında 36-cı yerdədir: "Ölkəmizdə qeyri-neft sektorunun əsas prioritetlərindən biri olaraq inkişaf edən turizm sahəsinin uğurları ilbəil daha da genişlənir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə obyekti fəaliyyət göstərir. Son illər ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb".

 

ITE Group-un icraçı direktoru Edvard Stroon bildirib ki, üç gün davam edəcək sərgidə 29 ölkədən 300-dən çox şirkət iştirak edir. Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə milli pavilyonlarla çıxış edəcəklər: "Bu ölkələrdən bir çoxu ilk dəfədir ki, sərgiyə qoşulub. Sərgidə səyahətlər, turizm ilə yanaşı, stendlərdə tibbi turizm və Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran-prisi barədə maraqlı məlumat veriləcək”.

 

Tədbirin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, o cümlədən idman və ekoloji turizm obyektləri yer alıb.

 

Qeyd edək ki, “AITF” sərgisi aprelin 9-da bütün ziyarətçilər üçün açıq olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR