Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Qəbələdə “Qafqaz Karvansaray” otel kompleksinin açılışında iştirak edib. APA-nın xəbərinə görə, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, otel beş hektar sahədə inşa edilib. Tikinti işlərinə 2012-ci ilin mayında başlanıb, bu ilin avqustunda başa çatdırılıb. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunub. Otelin zirzəmi hissəsində 44 yerlik avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar var. ”Karvansaray” otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları var. Kompleksdə 150 nəfərlik restoran, ayrı-ayrılıqda 100 və 12 nəfərlik iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Turizm kompleksi mərkəzi kondisioner və istilik sistemi ilə tam təchiz olunub. Bundan başqa, oteldə 3 fontan quraşdırılıb, ətrafında istirahət üçün yerlər yaradılıb. Həmçinin kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb, dekorativ ağaclar əkilmiş və 1 fəvvarə quraşdırılıb.
Otellə yaxından tanış olan prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.