Bank Of Baku

Azərbaycan səfiri İranın Mədəni İrs və Turizm Təşkilatının sədri ilə görüşüb

Azərbaycan səfiri İranın Mədəni İrs və Turizm Təşkilatının sədri ilə görüşüb
# 13 noyabr 2017 09:32 (UTC +04:00)

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının yeni sədri Əli Əsgər Munisan və Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov arasında görüş keçirilib.  

 

APA-nın Tehran bürosunun xəbərinə görə, Ə. Ə. Munisan iki ölkə arasında turizmin inkişafı üçün bir sıra ideyalarla çıxış edib. O bildirib ki, ölkələr arasında müştərək turlar təşkil oluna və turizmin inkişafı üçün texniki komitələr yaradıla bilər: “Texniki komitələrin yaradılması ilə  turizm əlaqələrinin yol xəritəsi hazırlana bilər”.

 

Ə. Ə. Munisan qeyd edib ki, Azərbaycan və İran arasında tanışlıq səfərləri (Familiarization Trip) proqramlaşdırılmalıdır: “Ona görə ki, iki ölkənin ərazisində çox gözəl turizm bölgələri mövcuddur. Ailə tur səfərlərinin təşkili ilə Azərbaycan və İran xalqları öz mədəniyyətlərini qarşılıqlı olaraq bir-birinə təqdim edə bilərlər. İran və Azərbaycan milli muzeyləri arasında da əlaqələr qurulması və birgə sərgilər təşkil olunması yaxşı olar”.

 

Ə. Ə. Munisan sağlamlıq turizm paketlərinin təşkili imkanından da danışıb: “Sağlamlıq tur paketləri çərçivəsində müalicə ilə yanaşı, xəstələr üçün İranın cazibəli yerlərində, istirahət mərkəzlərində istirahət şəraiti də yaradıla bilər”.

 

İranda 370 növ əl işi sənayesi olduğunu vurğulayan təşkilat rəhbəri deyib ki, bu potensialdan istifadə edərək iki ölkənin incəsənətini və əl işlərini  qarşılıqlı təqdim etmək üçün müştərək sərgilərin təşkili mümkündür.  

 

Ə. Ə. Munisan Azərbaycanı “Təbriz-2018: İslam Mədəniyyət Paytaxtı” proqramlarında iştiraka dəvət edib. 

 

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov isə bildirib ki, Azərbaycan ölkəyə səfər edən iranlı turistlərin razı qalması üçün hər şeyi edir: “Məsələn, viza əldə edilməsi üçün “Asan Viza” sistemi yaradılıb. Azərbaycana səfər etmək istəyən turistlərin artıq səfirliklərə getməsinə ehtiyac qalmır və onlar vizanı elektron formada asanlıqla əldə edə bilir. Eləcə də, səfirliyimizin saytında şikayətlər və problemləri danışmaq üçün səfirlə online ünsiyyət qurmaq imkanı yaradılıb”.

 

B. Hüseynov əlavə edib ki, ildə təxminən 1 milyon insan Azərbaycandan İrana səfər edir  və onların 90 faizi müalicə və müayinə üçün İrana gedir: “Əlbəttə, Azərbaycandan İrana müalicə üçün gələn turistlərə ətraflı məlumat vermək üçün broşurlar çap etmək olar.   İran xəstəxanaları öz saytlarında xəstələrə məsləhət vermək üçün Azərbaycan dilində yayım edə bilər”.

 

Səfir hazırda Culfa sərhəd-buraxılış məntəqəsinin 24 saat fəaliyyət göstərdiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR