Bakı. Cavid Zeynallı - APA. “Ölkəmizi tanıyaq” turlarında 65 şəhər və rayondan ümumilikdə 3040 şagird iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, layihə ölkə ictimaiyyəti, xüsusilə də şagirdlər arasında marağa səbəb olub: “Keçirilən bu turlar ölkəmizin tarixi keçmişinin, müxtəlif bölgələrin təbiətini, adət və ənənələrinin əyani şəkildə öyrənilməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, eləcə də onlarda səyahət və turizm vərdişlərinin aşılanmasına öz müsbət töhfələrini verib”.
Nazirlikdən əlavə ediblər ki, daxili turizmin dəstəklənməsi və təbliği məqsədilə noyabrın 15-də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə ilk dəfə olaraq birinci “Mövsüm Səyahət Yarmarkası” təşkil olunub.
Yarmarkada 15 turizm şirkəti və 10 mehmanxana öz xidmət və məhsullarını təklif ediblər. Tədbir zamanı turizm sənayesi nümayəndələri təxminən 5000 nəfərə öz xidmət və məhsulları barədə məlumat veriblər.
Bölgələrdə yeni mədəni və digər tematik marşrutların yaradılması və təbliği istiqamətində aparılan işlərin davamı olaraq oktyabrın 10-12-də “Azərbaycanda Alman məskənləri” və “Qədim Qafqaz Albaniyasının tarixi izləri” adlı mədəni turizm marşrutları üzrə turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə bölgəyə infotur keçirilib: “May ayında Azərbaycanda akkreditasiyadan keçmiş 28 ölkənin diplomatik nümayəndələrini Şimal (Quba-Qusar) marşrutu üzrə, noyabrda Şimal-qərb (Şəki, Qəbələ, İsmayıllı) marşrutu üzrə ölkəmizin zəngin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanış etmək məqsədilə infotur keçirilib”.