Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın turizm bölgələrində yaşayan ailələr arasında yeni xüsusi statusun verilməsi ilə bağlı seçim aparılacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, Azərbaycanda yeni hazırlanacaq “Akkreditə olunmuş ailələr haqqında” qanun layihəsinə təsbit olunacaq.
Qanunun hazırlanmasında məqsəd Azərbaycanın turizm sahəsinin inkişafının artırılması üçün ölkəyə gələn turistlərin seçilmiş yerli ailələrdə yerləşdirilməsi və Azərbaycana gələn turistləri hotel şəraitindən daha çox yerli Azərbaycan həyat tərzi ilə tanış etməkdir.
Bununla seçilmiş ailələrə dövlət xüsusi statuslar da verəcək. Bu cür statusun verilməsi ilə bağlı seçim zamanı ailələrin mənzil şəraiti, ailə sağlamlıq durumu, ailə üzvlərindən xarici dil bilmə qabiliyyəti və s. meyarlar əsas götürüləcək. Seçilmiş ailələr müəyyən vergilərdən azad olunacaq, eyni zamanda bir çox sosial güzəştlərə malik olacaqlar. Eyni zamanda ailələrdə yerləşən turistlərdən əldə olunan gəlirin müəyyən hissəsi həmin ailələrə ödənməklə dövlət büdcəsinə köçürüləcək. Bildirilir ki, qanun qüvvəyə mindiyi təqdirdə, hotel turizmi ilə müqayisədə xərclər turistlər üçün daha sərfəli və Azərbaycanın maraqlı yerlərinə daha çox turların təşkil olunması üçün daha maraqlı olacaq. Qanunun hazırlanmasında Türkiyə və ABŞ təcrübəsindən istifadə olunur. Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Bununla bağlı APA-ya açıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, o da bu qanunun hazırlanmasında iştirak edir: “Çalışırıq ki, layihə mütləq payız sessiyasında müzakirəyə çıxarılsın. Azərbaycanda turizmlə bağlı böyük inkişaf var. Ailələrin daha yaxşı yaşaması, inkişafı və bu məsələyə qatılması üçün bu çox vacibdir. Əksər turistlər üçün çox vaxt, məsələn, Avropadan Azərbaycana keçmək maraqlı olmur. Çünki orada da hansısa 5-6 ulduz hotellərdə məskunlaşırlar, Azərbaycanda da. Amma qeyd olunan ailələrdə məskunlaşmaq, yerli xalqa yaxın olmaq Azərbaycanı turistlər üçün daha maraqlı edəcək. Bu, həm də regionlarda bir çox ailələrin maliyyə imkanlarının artmasına da xidmət edir”.