Bakı. Turan Şakir - APA. Bu gün Bakıda BMT Ümumdünya Turizm Təşkilatının (BMÜTT) dəstəyi ilə “MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması proqramı” çərçivəsində III statistika seminarı keçirilib.
APA-nın məlumatına görə, seminarda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov seminarın məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb: “Statistik məlumatların toplanması digər sahələrlə yanaşı, turizm sahəsi üçün də əhəmiyyətli və bir sıra başqa problemlərin həlli üçün vacib sahədir. Planlaşdırma, konsepsiyaların müəyyənləşməsi, turizm sahəsində əldə olunmuş nailiyyətlərin ölçülməsi, sahələr üzrə maliyyə strategiyanın qurulması da statistika elminin sahəsindədir. Digər sahələrdə olduğu kimi, statistika elminin inkişafı da ən son və ən qabaqcıl beynəlxalq təcrübə üzərində qurulmalıdır. Bu səbəbdən Ümumdünya Turizm Təşkilatının nümayəndələrindən xahiş etdik ki, onlar özlərinin qabaqcıl təcrübələri ilə bizə kömək etsinlər”.
N.Səmədov seminar iştirakçısı olan ölkələrin sayının hər il artığını deyib: “2011-ci ilin seminarına müxtəlif ölkələrdən 19, 2012-ci ilin seminarına 22, bu ilki seminarda isə 23 nəfər seminara qatılıb. Bu seminarda Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Özbəkistan və Belarus iştirak edir. Sözsüz ki, bu sonuncu seminar olmayacaq və biz əməkdaşlığımızı davam etdirəcəyik”.
BMÜTT-nin Avropa regionları üzrə direktoru İzabel Qaranya çıxışında təşkilatın Azərbaycanın bu sahədə müraciətini yüksək qiymətləndirildiyini deyib: “Azərbaycan getdikcə turizmin mərkəzinə çevrilməkdədir. Burada əsas məsələ hökumətin və dövlətin turizm sahəsinə göstərdiyi maraqdır ki, bu da Azərbaycanda yüksək səviyyədədir. Birgə tədbirlərimiz nəticəsində yaranan Şahdağ turizm obyektinin inkişafına da inanır və 2020-ci ilə kimi 5000-dən çox turistin cəlb olunmasını ümid edirik”.
Tədbirin birinci hissəsinin sonunda seminar iştirakçılarına BMÜTT-nin baş katibi Taleba Rifainin video müraciəti olub.
Azərbaycan tərəfindən tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidməti təmsil olunub.