APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev turizm obyektlərində qiymətlərin aşağı salınıb-salınmayacağı barədə suallara cavabında bildirib. Nazir deyib ki, əgər proses belə gedərsə, o zaman kimi isə qiymətləri aşağı salmağa məcbur etmək mümkün deyil.
Nazir turizm obyektlərində aparılan monitorinqlər, mövsümə hazırlıq və mövcud nöqsanlar barədə də danışıb. Ə. Qarayevin sözlərinə görə, turizm müəssisələrində nöqsanlar var və problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilir: “Monitorinqlərdə sanitar normalara əməl olunması, xidmətinin keyfiyyətinin yüksəldilməsi, xidmətinin çeşidinin artırılması və sair kimi məsələlərə diqqət yetirilir.
Artıq ikinci monitorinqlər zamanı məlum olub ki, həmin obyektlər qonaqları qəbul etməyə hazırdırlar. Ancaq elə obyektlər var ki, onlara daha böyük diqqət lazımdır. Onların adının çəkilməsini istəmirəm, amma həmin turizm obyektlərində ciddi işlərin aparılmasına ehtiyac var. Turizm obyektlərində xidmət yeməklə, uzanmaqla yekunlaşmamalıdır. Xidmətlər müxtəlif olmalı və müxtəlif turlar təşkil edilməlidir. Bu istiqamətdə turizm müəssisələrinə köməklik göstərilir. Bu işlərlə yerli idarələr məşğul olur”.