Bakı. Cavid Zeynalov - APA. "Yeni il ərəfəsində vətəndaşların istirahəti üçün lazımi şərait yaradılacaq. Bizim fəaliyyətimizin əsas istiqaməti "Şahdağ" qış turizm kompleksinin işini yeni mövsümdə bərpa etməkdən ibarətdir".
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, bayram ərəfəsində qiymət artımının baş verməsi dünya təcrübəsində də var: "Müəyyən dövrlərdə, bayramlarda mövsümi qiymətlərin artırılması ola bilər. Amma bu, yalnız tətil və əlamətdar günlərə tətbiq oluna bilər. Digər vaxtlarda bu müşahidə oluna bilməz. Müşahidələrim onu göstərir ki, vətəndaşlarımızın çoxu məhz Azərbaycanda istirahət etməyə üstünlük verir. Amma mən digər ölkələrə getməkdə də bir qəbahət görmürəm. Bu təbii prosesdir. Bizə də maraqlıdır ki, Azərbaycana gələn xarici turistlərin sayı çoxalsın".
Ə.Qarayev turizm obyektlərinin lisenziya məsələsi haqqında da danışıb: "Mən hər gün üç-beş otel və turizm məntəqəsi üçün lisenziyaya imza atıram. Nazirliyin mütəxəssisləri həmin obyektlərə yerində baxış keçirirlər və standartlara cavab verilirsə, lisenziya təsdiq olunur. Gələn ildən bizim əsas məqsədimiz odur ki, Olimpiya Oyunları keçirilənə qədər Azərbaycanda lisenziyasız fəaliyyət göstərən turizm obyektləri qalmasın".