Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi 2014-cü il ərzində 13 beynəlxalq turizm sərgisində iştirak edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, təşkil olunan Azərbaycan regionlarının turizm potensialını əks etdirən milli stendlərdə 74 turizm şirkəti və 32 mehmanxana iştirak edib: “Nazirlik tərəfindən aparılan təhlil göstərir ki, beynəlxalq turizm sərgilərində iştirak Azərbaycanın turizm şirkətləri və mehmanxanaları üçün yeni xarici partnyorlarla işbirliyinin qurulması, habelə öz turizm məhsullarının xaricdə təbliği və ölkənin imici baxımından ən effektiv vasitələrindən biri hesab olunur. Təsadüfi deyil ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində turizm şirkətləri və mehmanxanalar tərəfindən 700-ə yaxın əməkdaşlıq müqavilələri bağlanılıb”.
Nazirlikdən əlavə ediblər ki, sərgilər zamanı iştirakçılara və ziyarətçilərə paylanması üçün 11 dildə 30 növdə Azərbaycanın turizm potensialını əks etdirən reklam-çap məhsulları nazirlik tərəfindən sifariş olunub: “Bununla yanaşı, sərgilərdə Azərbaycanın turizm imkanlarına həsr olunan 12 video çarx nümayiş olunub”.