Bank Of Baku

Natiq Ritm Qrupu Qəbələdə konsert proqramı ilə çıxış edəcək

Natiq Ritm Qrupu Qəbələdə konsert proqramı ilə çıxış edəcək
# 09 iyun 2017 08:33 (UTC +04:00)

İyunun 26-da Qəbələ konqres mərkəzində mühüm mədəni tədbir olan Natiq Ritm Qrupu və milli rəqs qrupunun konserti baş tutacaq.

 

Azərbaycanın ən qədim çalğı alətlərindən olan nağaranı nəinki ölkəmizdə həmçinin digər ölkələrdə layiqincə təbliğ edən Natiq Ritm Qrupu bu dəfə xüsusi kompozisiya toplusu ilə qədim çalğı alətlərini milli rəqslərimizlə sintezini nümayiş etdirəcəklər. Qrupun rəhbəri - respublikanın əməkdar artisti Natiq Şirinov çıxış zamanı son zamanlarda çox sevilən və ölkəmizdə keçirilən beynəlxalq yarışmaların açılış mərasimlərində ifa olunan “Sarı Gəlin”, “Qarabağ”, “Atəşgah”,” Mehriban”, “Bir qəlbdə iki ruh”, “Ritm varsa həyat var” və digər kompozisiyalarını qonaqlara təqdim edəcək. Bu kompozisiyalar ritm bəstəkarı Natiq Şirinovun muğam üzərində etdiyi sintezləri və milli musiqiyə verilən yeni həyat konseptini əks etdirir.

 

Natiq Şirinovun sözlərinə görə, konsertdə zərb və ritm alətlərindən əlavə, zurna, tütək və digər milli musiqi alətlərimizdən istifadə olunacaq.

 

Konsert proqramı “Gilan Hospitality Group” və “Qafqaz” hotellərinin təşkilatçılığı ilə həyata keçirilir.

 

“Gilan Hospitality Group”un icraçı direktoru Elgün Məmmədov konsert haqqında bunu bildirib: “Artıq bir neçə ildir ki, Qəbələ şəhəri bir sıra mühüm tədbirlərə ev sahibliyi edir. Bunlardan ən vacibi Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Bundan əlavə, “Gilan Hospitality Group” və “Qafqaz” hotelləri Novruz bayramı ərəfəsində Türkiyənin məşhur rəqs qrupu “Anadolu Ateşi”nin konsert proqramını həyata keçirib. Bu cür tədbirlərin davamı olaraq, Natiq Ritm Qrupu və milli rəqs qrupunun bu konserti Qəbələdə qonaq olan turistlərimizə milli dəyərlərimizi daha dolğun aşılamaq üçün düşünülmüş addımdır. Bu konsert vasitəsilə biz xarici qonaqlarımıza musiqimizin zənginliyini, milli dəyərlərini və  zəngin tariximizi nümayiş etdirəcəyik. Bu cür tədbirlər həm turizmin inkişafına həm də milli adət-ənənələrimizi təbliğinə dəstək məqsədilə davamlı olaraq keçiriləcək”.

 

Natiq Ritm Qrupu haqqında

 

Natiq Ritm Qrupu 2001-ci ildə əməkdar artist Natiq Şirinov tərəfindən yaradılıb. Qrupun yaradılmasında əsas məqsəd xarici ölkələrdə nağaranın Azərbaycanın milli musiqi aləti olduğunu göstərmək, onu daha da təkmilləşdirmək və ritm musiqisinin təbliği olub.

 

Qrup 2015-ci ildə Azərbaycanda beynəlxalq nağara festivalı keçirib və festivalda Türkiyə, İran, Özbəkistan kimi ölkələrin nağara ifaçıları təmsil olunub. Bundan başqa, qrup ABŞ, Polşa, Türkiyə, Rumıniya, Avstriya, Rusiya və digər ölkələrdə dəfələrlə konsert proqramları ilə çıxış ediblər.

 

 

“Gilan Hospitality Group” haqqında
 

“Gilan Hospitality Group” Azərbaycanda qonaqpərvərlik və turizm sahəsində idarəçilik xidməti göstərən şirkətdir. Şirkətin tabeçiliyində olan otellər qrupu Azərbaycanın əsas turizm mərkəzləri olan Bakı, Qəbələ və Lənkəranda yerləşir.

 

“Gilan Hospitality Group” tərəfindən idarə olunan otellər 3 qrupa bölünür: şəhər otelləri, resort otellər və butik otellər. Şirkətin idarəçiliyində olan otellər “Qafqaz Hotels&Resorts” brend adı altında fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR