Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda turizm sektoru sürətlə inkişaf edib. Son illər turizm sektorunda çalışanların sayı iki dəfə artıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan İnvestisiya Sammitində mədəniyyət və turizm naziri Əbulfəs Qarayev deyib.
Nazir bildirib ki, son 10 ildə dünyada turizmdən əldə edilən gəlirlər 10-13 faiz, Azərbaycanda isə 56 faiz artıb: “Azərbaycanda yol və digər infrastrukturun inkişafı turizmin inkişafına yol açıb. Azərbaycanda Turizm İnstitutu da var. Bu institutda tələbələr iki diplom alırlar. Avstriya Turizm İnstitutunun proqramına əsasən hər il orada bizim üçün 30-40 məzun hazırlanır və Avstriyanın Turizm İnstitutunun diplomunu alırlar”.
Ə. Qarayev Azərbaycanda bir çox mədəniyyət tədbirlərinin keçirildiyini qeyd edib: “Bəzən bizə deyirlər ki, siz çox gözəl ölkəsiniz, niyə bunu dünyaya tam çatdıra bilmirsiniz? Biz Azərbaycanı dünyaya tanıtmaq üçün müxtəlif texnologiyalardan istifadə edirik, ancaq dünyada 7 milyard insanın hamısına bu məlumatları çatdıra bilmərik. Şəxslər arasında əlaqələr çox vacibdir. Digər tərəfdən, Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Azərbaycana gələn insanlar ilk vaxtlar qorxurdular ki, bu ölkə müharibə vəziyyətindədir. Ancaq gəlib ölkəmizi gördükdən sonra bu qorxular aradan qalxmağa başladı. Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının üzvüdür. Elə bir ölkəyik ki, bütün ölkələrin insanları burada yaxşı münasibətlə qarşılaşırlar”.