Bakı. Xanım Nağıyeva – APA. Bu gün Qazaxıstanın Almatı şəhərində "KİTF 2013" Beynəlxalq Turizm Sərgisi açılıb.
APA-nın xəbərinə görə, sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, otellərin və bir sıra turizm şirkətlərinin nümayəndələri təmsil edir.
Azərbaycanın ilk dəfə qatıldığı beynəlxalq sərgidə turizm ölkənin turizm imkanları 36 kv. m sahədə nümayiş etdirilir. Sərgidə Azərbaycan nümayəndələri biznes görüşlər keçirir, müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparır, ölkəyə yeni turistlər cəlb etməyə çalışırlar.
Sərginin coğrafiyası Avstraliyadan Braziliyaya, Böyük Britaniyadan Misirə, Türkiyədən İndoneziyayadək geniş ərazini əhatə edir. Sərgidə müalicəvi turizm imkanlarını təqdim edən 19 turizm obyekti sırasında Azərbaycandan 2 hotel yer alıb.
Qeyd edək ki, sərginin təşkilatçıları Qazaxıstanın Sənaye və Müasir Texnologiyalar Nazirliyinin Turizm Komitəsi, Almatı şəhərinin rəhbərliyi və Böyük Britaniyanın "ITE Group Plc" şirkətidir. Dünya Turizm Təşkilatı sərgiyə rəsmi dəstək verir.