Bakı. Anaxanım Hidayətova - APA. “Azərbaycanın turizm potensialı çox böyükdür”. APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" tvinning layihəsinin tamamlanmasına dair keçirilən konfransda çıxışı zamanı deyib.
M. Mard bildirib ki, Azərbaycanla ən yaxşı təcrübəni paylaşmaq çox vacibdir: “Tvinning layihəsi Avropa Birliyinin ən yaxşı təcrübəsini sizinlə bölüşmək üçün çox yaxşı imkandır. 16 aylıq layihə çərçivəsində bir çox müsbət nəticələr əldə olunub və onları həyata keçirmək lazımdır. Azərbaycanın həm dəniz kənarı, həm də qış mövsümü turizmi üçün çox imkanları var. Biz Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı davam etdirmək və yardım etmək üçün mövcud imkanları dəyərləndirməyi vacib hesab edirik. Şadam ki, Azərbaycanla Avropa Birliyi arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya sazişi payızda qüvvəyə minəcək”.
Səfirin sözlərinə görə, bu sənədlərin qüvvəyə minməsi turistlərin sayının artmasına müsbət təsir göstərəcək.