Bakı. Mübariz Aslanov - APA. Yunanıstanın Saloniki şəhərinin meri İoannis Boutarisin, şəhər bələdiyyəsinin turizm məsələlərinə məsul müşaviri Spyridon Pengas, merin köməkçisi Eleni Sotiriou və “Avropa Gənclər paytaxtı 2014”ün koordinatoru Charalampos Papaioannounun Bakıya səfəri başlayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Bakının “Avropa Gənclər paytaxtı 2014” seçilməsi nəzərə alınaraq şəhərin turizm imkanlarının təqdimatının keçirilməsi və bu istiqamətdə Azərbaycanla bir sıra layihələrə imza atılmasıdır.
Səfər zamanı Azərbaycanla gənclər və idman sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Səfər proqramı çərçivəsində nümayəndə heyəti tərəfindən Fəxri Xiyabanda Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyarət edilməsi, Dövlət Bayrağı Meydanı və Heydər Əliyev Mərkəzi ilə tanışlıq, həmçinin qonaqların iştirakı ilə Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirilməsi nəzərdə tutulub.