BANM Almaniya universitetləri ilə əlaqələrini genişləndirir

BANM Almaniya universitetləri ilə əlaqələrini genişləndirir
# 05 may 2016 10:11 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Boxum Rur Universitetindən Almaniya Bundestaqının sabiq üzvü, Boxum Rur Universitetinin Mədən və Enerji hüququ İnstitutunun təşviqi birliyinin fəxri sədri, Almaniyanın Xristian Demokratlar İttifaqı (CDU) partiyasının Təqaüdçülər Birliyinin (Senioren Union) federal sədri və həmçinin, CDU partiyasının rəyasət heyətinin üzvü, fəxri professor Otto Vulfun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Bakı Ali Neft Məktəbində olub (BANM) və bu ali təhsil ocağının rəhbərliyi və professor-müəllim heyəti ilə görüş keçirib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov Azərbaycan-Almaniya əlaqələrindən danışaraq, elm və təhsil sahəsində iki ölkə arasında əməkdaşlığa toxunub. Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor BANM-in Almaniyanın E.ON şirkəti ilə əlaqələrinin qurulduğunu, həmçinin Almaniyanın Axen Universiteti ilə bərpaolunan enerji ilə bağlı əməkdaşlıq etdiyini bildirib. O, Almaniyanın Boxum Rur Universiteti ilə tələbə və professor-müəllim heyətinin mübadiləsi, tədris və tədqiqat sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib.

Otto Vulf Almaniyanın ən böyük təhsil ocaqlarından biri olan Boxum Rur Universiteti haqqında danışıb. Professor Otto Vulf sözügedən universitetin Almaniyada bakalavr və magistr dərəcələri üzrə tədrisi tətbiq edən ilk universitetlərdən biri olduğunu bildirib.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub və hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti arasında enerji siyasəti, bərpaolunan enerji, hüquqi və iqtisadi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR